Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd “F-1” əl qumbarası, 1 ədəd “RQ-42” əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 132 ədəd 7.62×9 mm-lik mərmi, 1 ədəd tüstülü şaşka və 2 ədəd “Kalaşnikov” markalı avtomatın darağı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.