İsrail müqavimət hərəkatı silahlarını təhvil verməsə, Livana hücumlarını davam etdirməklə hədələyib.
ABŞ, 30 iyul tarixində Reuters-ə danışan mənbələrin bildirdiyinə görə, Livan hökumətindən İsrailin hücumlarını dayandırması və cənubdan qoşunlarını çıxarması ilə bağlı danışıqlar başlamazdan əvvəl Hizbullahın silahsızlanmasını təsdiqləyən kabinet qərarı çıxarmağa “təzyiqi artırır”.
“Mənbələrin sözlərinə görə, Livan nazirlərindən açıq öhdəlik olmayacağı təqdirdə, ABŞ artıq emissar (başqa ölkəyə müəyyən qeyri-rəsmi tapşırıqla göndərilən dövlət nümayəndəsi) Tomas Barrakı Livana danışıqlar üçün göndərməyəcək və İsrailə nə hava zərbələrini dayandırmaq, nə də cənub Livandan qoşunlarını çıxarmaq üçün təzyiq göstərəcək,” deyə iki livanlı rəsmidən, iki diplomatdan və məsələ barədə məlumatlı olan bir livan mənbəsindən ibarət mənbələr bildirib.
Livan uzun müddətdir ABŞ-ın Hizbullahı silahsızlaşdırmaq üçün ciddi təzyiqi altındadır.
Vaşinqton Beyruta müqavimətin tam silahsızlanması, islahatlar və Suriya ilə münasibətlərin yaxşılaşdırılmasını tələb edən bir “yol xəritəsi” təqdim edib – bunun müqabilində isə Tel-Əvivin atəşkəs zamanı işğal etdiyi ərazilərdən qoşunlarını çıxaracağı bildirilir.
Əvvəlki Reuters hesabatına görə, emissar Tom Barrak Livana bildirmişdi ki, Hizbullahın silahsızlanması üçün ən geci noyabra və ya ilin sonuna qədər vaxt var. Livanın rəsmi cavabı isə əvvəlcə İsrailin hücumları dayandırmasını və qoşunlarını çıxarmasını tələb edib.
Çərşənbə günü Reuters-in istinad etdiyi mənbələrə görə, Livan parlamentinin spikeri və Hizbullahın müttəfiqi Amal Hərəkatının lideri Nabih Berri “keçən il əldə olunan atəşkəsin tam icrası üçün ilk addım olaraq İsrailin hücumları dayandırmasına təminat verilməsini” ABŞ-dan istəyib, deyə dörd mənbə bildirib.
Onların iddiasına görə, “İsrail keçən həftənin sonunda Berrinin təklifini rədd edib.” Bundan sonra Vaşinqton Livan kabinetindən Hizbullahın silahsızlanmasını təsdiqləyən səsvermə tələb etməyə başlayıb.
“ABŞ deyir ki, artıq Barrak yoxdur, artıq sənədlərin qarşılıqlı göndərilməsi yoxdur – nazirlər şurası qərar qəbul etməlidir, sonra müzakirələr davam edə bilər. Onlar daha gözləyə bilməzlər,” – deyə livanlı mənbə bildirib.
“Bütün mənbələr Reuters-ə bildiriblər ki, Livan rəhbərləri Hizbullahın silahsızlaşdırılmasına dair aydın öhdəlik verməməyin İsrailin hücumlarını, o cümlədən Beyruta zərbələri artırmasına səbəb ola biləcəyindən qorxurlar.”
Livanlı mənbə əlavə edib ki, Livanın baş naziri Nəvaf Salam yaxın günlərdə kabinet iclası keçirəcək.
“ Hələ Hizbullah silahlarını əlində saxladıqca, sözlər kifayət etməyəcək. Hökumət və Hizbullah tam şəkildə öhdəlik götürməli və dərhal hərəkət etməlidirlər ki, Livan xalqını bu büdrəyən status-kvoya məhkum etməsinlər,” – Barrak Livana son səfərindən sonra bildirib.
İsrail mediasında yer alan xəbərlərə görə, Tel-Əviv qüvvələri atəşkəsə baxmayaraq və hətta yeni müharibəyə səbəb olsa belə, Livana hücumları davam etdirməyə hazırlaşır.
İsrail ötən ilin noyabrında əldə olunmuş atəşkəsi 3.000-dən çox dəfə pozub və bu müddət ərzində 200-dən çox insanı öldürüb.
İsrailin onilliklərdir qanunsuz olaraq işğal etdiyi Livan torpaqlarından başqa, İsrail qoşunları atəşkəs dövründə sərhədin Livan tərəfində beş strateji məntəqəni də işğal edib.
İsrail Hizbullahı yenidən formalaşmağa cəhd etməkdə ittiham edir və Livana qarşı demək olar ki, gündəlik hücumlarını atəşkəsin qanuni icrası kimi təqdim edir.
Müqavimət qrupu isə dəfələrlə silahlarını təhvil verməkdən imtina edib. Hökumət Livandakı bütün silahların dövlətin inhisarında olacağına söz verərkən, Hizbullah isə bildirir ki, qrupun silahlarının dövlətin tərkibinə qatılaraq İsrailə qarşı çəkindirici vasitə kimi istifadə olunacağı bir ümumi müdafiə strategiyasının hazırlanması barədə daxili müzakirələrə hazırdır.
Lakin bunun üçün İsrail öz qüvvələrini çıxarmalı və Livana qarşı hücumlarını dayandırmalıdır.
