Bakıda, 28 May küçəsində ağacların yenidən “budanması” vətəndaşların narazılığına səbəb olub.
Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.
“28 May küçəsində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilib və müdaxilə faktı aşkarlanıb. Fakt aktlaşdırılaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib”, – deyə açıqlamada bildirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Nəsimi rayonu 28 may küçəsində qovaq ağacının yaş budaqlarının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub:
“Hadisənin kim tərəfindən törədildiyini müəyyən etmək məqsədilə Nəsimi rayon Polis İdarəsinə, ərazinin nəzarətdə saxlanılaraq qeyd olunan ağaca aqrotexniki qulluq göstərilməsi üçün isə Nəsimi rayon İcra Hakimiyyətinə, Nəsimi Bələdiyyəsinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.
Fotoları təqdim edirik: