Ayətullah əl-üzma İmam Xameneinin həcc mövsümü ilə əlaqədar bəyanatı

İran İslam İnqilabının rəhbəri Ayətullah əl-üzma İmam Xamenei Həcc mövsümü ilə əlaqədar bəyanat verib. Bu bəyanatın mətnini diqqətinizə çatdırırıq:

Bağışlayan və mehriban Allahın adı ilə


Həmd olsun aləmlərin Rəbbi olan Allaha və salam olsun Allahın Rəsuluna, pak ailəsinə, seçilmiş səhabələrinə və Qiyamət gününə qədər ona tabe olanlara.


Dünyanın hər yerində olan müsəlman qardaş və bacılar!
Bu il də İslam ümməti böyük Həcc nemətindən məhrum oldu və istəkli könüllər ah-nalə və peşmanlıqla, Hikmətli və Mərhəmətli Allahın o şərəfli evdəki insanlar üçün qurduğu ziyafəti əldən verdilər.
İkinci ildir ki, Həccin sevinci və mənəvi səadət mövsümü ayrılıq və peşmanlıq fəslinə çevrilib. Epidemiya bəlası və bəlkə də Müqəddəs hərəmə hakim olan siyasətlərin bəlası möminlərin həsrətli gözlərini İslam ümmətinin vəhdətini, əzəmətini və mənəviyyatının simvolunu görməkdən məhrum edib və bu əzəmətli zirvəni buludlarla və tozlarla örtüb.
Bu imtahan, İslam ümmətini parlaq gələcəyə apara biləcək digər tarixi imtahanlar kimidir. Mühüm olan Həccin həqiqi şəkildə müsəlmanların qəlbində və ruhunda diri qalmasıdır. Həccin fiziki ayinlərinin müvəqqəti olaraq həyata keçməməsi onun ali olan mesajına xələl gətirmir.
Həcc sirli bir ibadətdir. İçərisindəki hərəkət və sükunətin gözəl quruluşu və sintezi, müsəlmanların fərdi və ictimai şəxsiyyətinin yaradıcısı və dünyanın gözü qarşısında onun gözəlliklərini cilvələndirəndir. Bir tərəfdən, zikr, təvazökarlıq və dua ilə bəndələrin qəlblərinə mənəvi yüksəliş verir və onları Allaha yaxınlaşdırır, bir tərəfdən vahid geyim və rəftarlarla, münəzzəm hərəkətlərlə dünyanın dörd tərəfindən gələn qardaşların arasında bağlılıq yaradır. Digər tərəfdən isə İslam ümmətinin ən ali simvolunu bütün bu mənalı və möcüzəvi ayinləri ilə dünyanın gözü önünə qoyur və ümmətin əzmkarlığını və əzəmətini bədxahlara nümayiş etdirir.
Bu il müqəddəs evin həcci mövcud deyildir, ancaq evin Rəbbinə diqqət, zikr, xüşu, dua və istiğfar mövcuddur. Ərafatda iştirak etmək imkanı yoxdur, ancaq Ərafat günü dua və münacat etmək mümkündür. Minada şeytana daş atmaq mümkün deyildir, ancaq qüdrət ardınca olan şeytanları hər yerdə dəf etmək mümkündür. Kəbənin ətrafında cisimlərin vəhdətə gəlməsi mümkünsüzdür, ancaq Qurani Kərimin açıq aşkar ayələri ətrafında qəlblərin birgə olması və Allahın ipinə sarılmaq daimi bir vəzifədir.
Bu gün böyük bir əhaliyə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq millətlərə sahib olan biz İslam davamçıları gələcəyimizi öz imkanlarımız və potensiallarımızla formalaşdırmalıyıq. Son yüz əlli ildə müsəlman xalqlar ölkələrinin və hökumətlərinin taleyində heç bir rol oynamamış və çox az sayda istisna olmaqla, islam məmləkətləri təcavüzkar Qərb hökumətlərinin siyasəti ilə idarə olunmuş, onların hərisliyinə, müdaxiləsinə və bədxahlığına məruz qalmışlar. Bu gün bir çox ölkələrin elmi cəhətdən geriliyi və siyasi asılılığı onların passivliyinin və bacarıqsızlığın məhsuludur.
Millətlərimiz, gənclərimiz, alimlərimiz, din xadimləri və ziyalılarımız, siyasətçilərimiz, partiya və icmalarımız bu gün o utancverici keçmişi əvəzləməlidirlər. Onlar ayağa qalxmalı və Qərb güclərinin zorakılığına, müdaxiləsinə və şərinə qarşı müqavimət göstərməlidirlər.
İran İslam Respublikasının bütün sözləri dünya hegemonlarını narahat edən və qəzəbləndirən bu müqavimətə dəvətdir. ABŞ və digər təcavüzkar güclərin müdaxiləsi və şərinə qarşı müqavimət və İslam maarifini əsas götürərək İslam dünyasının gələcək taleyini həll etmək.
Təbii ki, ABŞ və müttəfiqləri “müqavimət” adına həssasdırlar və “İslami Müqavimət Cəbhəsi” ilə düşmənçilik edirlər. Bəzi hökumətlərin onlarla birləşməsi isə bu pisliklərin davamı istiqamətində olan acı bir həqiqətdir.
Həcc mərasimi, Səy, Təvaf, Ərafat, şeytanı daşlama, həccin izzət və vəhdətinin bizə göstərdiyi düz yol, Allaha təvəkkül və tükənməz ilahi qüdrətə diqqət, milli özünə inam, səy və mübarizəyə inam, qətiyyətlə addımlamaq və qələbəyə böyük bir ümiddir.
İslam bölgəsində görsənən səhnə bu ümidi daha da artırır və bu qətiyyəti gücləndirir. Digər tərəfdən isə İslam dünyasının xoşagəlməz səhnələri; elmi sahədə gerilik, siyasi asılılıq, iqtisadi və sosial problemlər bizi böyük bir vəzifə və yorulmaz mübarizə qarşısında qoyur. İşğal olunmuş Fələstin köməyimizə səslənir. Məzlum və qan içində olan Yəmən ürəkləri ağrıdır. Əfqanıstanın acınacaqlı vəziyyəti hamını narahat edir. Pədxahların əli, ABŞ və müttəfiqlərinin müdaxiləsi açıq şəkildə görsənən İraq, Suriya, Livan və digər bəzi müsəlman ölkələrində baş verən acı hadisələr gənclərin qeyrətini və əzmkarlığını daha da artırır.
Digər tərəfdən, bütün bu həssas bölgədə müqavimət güclərinin baş qaldırması, millətlərin oyanışı, gənc və enerjili nəslin rəğbəti ürəkləri ümidlə doldurur. Fələstin bütün sahələrdə öz “Qüds Qılıncını” qınından çəkir. Qüds, Qəzza, İordan çayının qərb sahili, 1948 əraziləri və düşərgələr hamısı ayağa qalxaraq təcavüzkarın burnunu 12 gün ərzində yerə sürtür. Mühasirədə və tənha qalmış Yəmən yeddi illik müharibəyə, cinayətə, pis və qəddar düşmənin zülmkarlığına dözür, qida, dərman və yaşayış imkanlarının yoxluğuna baxmayaraq zalımlara təslim olmur. Öz nüfuzu və təşəbbüsü ilə onları vəhşətə gətirir. İraqda “müqavimət” gücləri açıq- aydın və yekdilliklə işğalçı ABŞ və onların əlaltıları olan İŞİD-i geri oturdur, ABŞ və onun müttəfiqlərinin hər hansı bir müdaxiləsinə və şərinə qarşı qətiyyətli olduqlarını ifadə edirlər.
Amerikalıların İraqda, Suriyada, Livanda və digər ölkələrdəki qeyrətli müqavimət cavanlarının əzmkarlıqlarını və fəaliyyətlərini təhrif etmək, İranla və ya başqa bir mənbə ilə əlaqələndirmək məqsədi daşıyan təbliğatı bu cəsur və ayıq gənclərə təhqirdir. Bunun səbəbi amerikalıların bölgə xalqlarını yaxşı tanımamaqlarıdır.
Bu nadanlıq ABŞ-ın Əfqanıstanda təhqir olunmasına, 20 il əvvəlki qalmaqallı gəlişindən, müdafiəsiz və mülki insanlara qarşı silah, bomba və atəş istifadə etdikdən sonra özünü batlaqda hiss etməsinə gətirib çıxardı, qüvvələrini və hərbi texnikasını geri çəkdi. Əlbətdə ki, oyaq Əfqanıstan xalqı öz ölkəsindəki ABŞ kəşfiyyat vasitələrinə və onların yumşaq silahlarına qarşı diqqətli olmalı və ayıqlıqla onların qarşısında dayanmalıdır.
Bölgə xalqları ayıq və diqqətli olduqlarını göstərdilər. Onaların yanaşmaları, ABŞ-ın razılığını qazanmaq üçün Fələstin məsələsində belə güzəştə gedən bəzi hökumətlərdən ayrıldı. Açıqca və gizli şəkildə qəsbkar sionist rejimlə dostluq xülyasında olan hökumətlər, Fələstin xalqının tarixi vətənindəki haqqını inkar etmiş hesab olunurlar. Bu, Fələstin sərmayəsinə əl qoymaqdır. Onlar ölkələrin təbii sərvətlərini talan etməklə kifayətlənmədilər, indi isə Fələstin xalqının sərmayəsini talan edirlər.
Qardaşlar və bacılar!
Bölgəmiz və onun sürətli və rəngarəng hadisələri dərs və ibrət sərgisidir. Bir tərəfdə təcavüzkar zorakılığa qarşı mübarizə və müqavimət nəticəsində ortaya çıxan güc, digər tərəfdə isə təslimiyyət və zəiflik göstərmək nəticəsində meydana gələn zillət.
Allahın haqq vədəsi, Allah yolunda mücahidət edənlər üçün bir yardımdır: “Əgər Allaha yardımçı olsanız, O da sizə kömək edər və qədəmlərinizi sabit edər.”
Bu mübarizənin ilk səmərəsi, Amerika Birləşmiş Ştatlarının və digər beynəlxalq zalımların İslam ölkələrinə müdaxiləsi və şərlərinin dayandırılması olacaqdır, İnşallah.


Uca Allahdan müsəlman xalqların qələbəsini diləyir, Həzrət Bəqiyyətullaha (ərvahuna fidah) salam göndərir və Allahdan böyük İmam Xomeyninin və şəhidlərin dərəcələrini ucaltmasını istəyirəm.


Allahın saleh bəndələrinə salam olsun!

Seyyid Əli Xamenei
1400/04/26
1442/Zilhiccə/ 06

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək