Qafqaztimes xəbər verir ki, Amerika polisinin məlumatına görə Texasda növbəti dəfə atışma baş verib. Bundan öncə ötən həftə bir silahlı şəxsin Texas ştatının Klivlend şəhərində bir yaşayış evinə atəş açaraq 5 nəfəri öldürdüyü açıqlanmışdı. Texasda insident törədən bu şəxs polisin 4 günlük axtarışından sonra bir paltar qarderobunda tapılıb.
Amerika mediası bazar günü səhər Texas ştatının Dallas şəhərindəki ticarət mərkəzində ölümcül atışma baş verdiyini xəbər verib.
Şahidlərin dediyinə görə, silahlı şəxs yerli vaxtla saat 15:40-da Dallasdakı “Allen Mall” alış-veriş mərkəzinə girərək atəş açmağa başlayıb. Bu hücumda onlarla güllənin atıldığı bildirilir.
Məlumatlara görə, çoxlu sayda polis və xilasedici qüvvələrin cəlb olunduğu bu hadisədə xeyli sayda ölən və yaralananlar var.
Bu atışmada ölənlərin dəqiq sayı hələ açıqlanmasa da, bir yerli telekanal hadisə yerindən helikopter vasitəsilə 4 örtülü cəsədin görüntüsünü qeydə alıb.
Bu ərazinin polis rəisi bir neçə dəqiqə sonra hücum edənin də öldürüldüyünü və ölənlər arasında bir uşağın olduğunu açıqlayıb.
ABŞ-da silahlı zorakılıq hadisələrinin statistikası göstərir ki, 2023-cü ilin əvvəlindən Amerika Birləşmiş Ştatlarında 200-ə yaxın atışma hadisəsi baş verib ki, bu da 2016-cı ildən bəri bu ölkədə ən çox atışma hesab olunur.