Liviya XİN-i vəzifəsindən kənarlaşdırıldı
Liviyanın Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Necla əl-Menquşu İsrailin xarici işlər naziri Eli Kohenlə görüşdüyünə görə vəzifəsindən azad edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Liviya Milli Birlik Hökumətinin yaydığı 368 saylı fərmanda qeyd edilib ki, Liviyanın xarici işlər naziri Nəcla Əl Mənquşun vəzifəsindən çıxarılması və barəsində araşdırma aparılması barədə qərar verilib və bununla bağlı araşdırmanı Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya həyata keçirəcək.
Digər tərəfdən, Liviya Xarici İşlər Nazirliyi Nəcla Əl Mənquşun İtaliyanın paytaxtı Romada İsrail xarici işlər naziri Eli Kohen ilə görüşünün rəsmi olmadığını bildirib. Nazirlikdən verilən yazılı açıqlamada Liviya Xarici İşlər Nazirliyinin ərəb və islam ölkələrinin, xüsusilə Fələstin məsələsinin problemləri ilə bağlı milli tənzimləmələrə tam sadiqliyi bir daha təsdiqlənib.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında “İsrail və Liviya xarici işlər nazirləri arasında tarixi görüş keçirildiyi” bildirilib. Açıqlamada qeyd olunub ki, XİN rəhbəri Kohenin liviyalı həmkar Əl Mənquş ilə keçən həftə İtaliyanın paytaxtı Romada keçirdiyi görüş “iki ölkə arasında əməkdaşlıq imkanlarını araşdırmaq” məqsədi daşıyıb.
Xatırladaq ki, Şimali Afrika ölkəsi Liviyanın İsrail ilə diplomatik əlaqələri yoxdur.