Bir neçə gün əvvəl sosial şəbəkələrdə Zaqatalada sərnişin dolu avtobusun seldə qalması görüntüləri paylaşılıb. Biz də görüntülərin qeydə alındığı rayon mərkəzindən 40 km məsafədə yerləşən Cimcimax kəndinə üz tutduq. Əməkdaşlarımız vəziyyətlə yerində tanış olublar.
Sel gələn kimi nəinki kəndə gedən yollar, həm da kənddaxili yollar belə dağılır. Kənd sakinləri ancaq xüsusi avtomobillərdən istifadə etməklə rayon mərkəzinə gedib-gələ bilirlər.
Bura Zaqatalanın ən ucqar yaşayış məntəqələrindən olan Cimcimax kəndidir. Kənd sakinlərini daşıyan “Ural” markalı avtobusa əyləşərək bu ekstremal yolu biz də qət etdik.
Hər tərəfi dağ çayları ilə əhatələnən Cimcimax kəndinə bir neçə gün əvvəl güclü sel düşdüyündən əhali narahatlıq keçirir. Qədim dağ kəndləri olan Sabunçu və Cimcimax da daxil olmaqla, ümumilikdə 6 kəndin sakinləri evlərinə getmək üçün nə az nə çox – düz 15 km yolu çay yatağı ilə qət etməlidirlər.
Məsələ ilə bağlı rayon icra hakimiyyətindən bildirildi ki, sözügedən kəndlər sovet dövründə plana salınaraq aşağı kəndlərə köçürülmüş yaşayış məntəqələridir. Lakin orada az da olsa, yaşayış olduğundan yol problemini həll etmək üçün aidiyyəti qurumlar vaxtaşırı əraziyə ezam olunurlar.
Həmçinin həmin ərazidə mobil şəbəkədə tez-tez problemlərin yaşanması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktubla müraciət olunduğu bildirildi. Yaxın günlərdə ərazidə şəbəkə antenlərinin quraşdırılması nəzərdə tutulub.