Peruda yüzlərlə turist hökumət əleyhinə etirazlara görə ölkənin əsas turizm mərkəzi sayılan Maçu-Pikçudan çıxa bilmir.
Bu barədə Perunun xarici ticarət və turizm naziri Luis Elqero bildirib.
Onun sözlərinə görə Maçu-Pikçuda hazırda 417 turist qalıb, onlardan 300-dən çoxu əcnəbidir.
“Turistlər dəmiryol relsləri bir neçə hissədə zədələndiyi üçün onları tərk edə bilmirlər”, – deyə o bildirib.
Qədim inklərin paytaxtı olan Maçu-Pikçu Perunun əsas görməli yerlərindən biridir, hər il yüzminlərlə turist oranı ziyarət edir. Bura “Xarabalıqlar içində olan şəhər”, “Buludlar arasında şəhər” və ya “İnklərin itirilmiş şəhəri” kimi də tanınır.
Xatırladaq ki, Peruda etirazlar 2022-ci il dekabrın 7-də dövlət başçısı Pedro Kastilonun vəzifəsindən kənarlaşdırılmasından sonra baş qaldırıb. Aksiyaçılar prezident Dina Boluartenin istefasını, parlamentin bağlanmasını və yeni seçkilərin keçirilməsini tələb ediblər. Etirazlar regionlarda yolların bağlanması, hava limanlarına hücumlar və hökumət nümayəndələri ilə toqquşmalarla müşayiət olunub. İndiyə qədər 50-dən çox insan zorakılığın qurbanı olub, yüzlərlə insan yaralanıb.
Yanvarın 19-da axşam Peru hakimiyyəti Amazonas, Libertad və Takna departamentlərində 30 təqvim günü müddətində fövqəladə vəziyyət elan edib. Keçən həftənin sonunda eyni tədbir Puno, Kusko və Lima departamentlərinə, həmçinin Apurimak, Madre de Dyos və Mokequa departamentlərinin bir neçə əyalətinə münasibətdə qəbul edilib.