Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundanməlumat verilib.
Bildirilib ki, onlardan ümumilikdə 35 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.
Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakinləri Elnur Məmmədov və Elçin Məmmədov, Sumqayıt şəhər sakini Pərviz Məhərrəmov sonuncunun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə birlikdə Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ümumi təmiz çəkisi 17 kiloqram 650 qram heroin, 10 kiloqram 750 qram marixuana, 600 ədəd metadon həbi və 6 kiloqram 315 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, E.Məmmədov, P.Məhərrəmov və E.Məmmədov həmin narkotik vasitələri və psixotrop maddəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır