Meksikada konqresə təqdim edilən və görüntülərdən sonra bütün dünyada maraq mövzusuna çevrilən yadplanetlilərin qalıqları ilə bağlı araşdırmalar davam edir.
Meksika Hərbi Dəniz Qüvvələrinin Elmi Sağlamlıq İnstitutunun direktoru Xose de Xesus Zalse Benite tapıntıların rentgeninin çəkildiyi, 3D rekonstruksiyası və DNT analizi edildiyini bildirib. Onun sözlərinə görə araşdırmalar zamanı qalıqların iddiaların əksinə olaraq bir yerə yığılmadığı və tək bir skeletə aid olduğu müəyyən edilib.
Xatırladaq ki, ötən həftə Meksikanın ali qanunverici orqanında ilk dəfə olaraq naməlum anomal hadisələrə həsr olunmuş iclas keçirilib. Tədbir zamanı UNO tədqiqatçısı Xayme Mossan təxminən min il yaşı olan qeyri-insan bədənlərini təqdim edib. Tipik yadplanetli humanoidlərə bənzəyən varlığın hər əlində üç barmaq olub.
Mossan qalıqların 2017-ci ildə Perunun cənubunda Naska xətti yaxınlığında aşkar edildiyini açıqlayıb. O cəsədlərin Meksika Milli Muxtar Universiteti (UNAM) tərəfindən tədqiq edildiyini bildirib. Mossanın sözlərinə görə, elmi təhlillər tapıntının yaşının 1000 ilə yaxın olduğunu və heç bir məlum Yer sakinlərinin növü ilə əlaqəsi olmadığını deyib.
70 yaşlı Mossan, həmçinin dişi olduğuna inandığı varlıqlardan birinin bədənində yumurta olduğu aşkar edildiyini vurğulayıb və bunu bəşəriyyətin başına gələn ən vacib şey adlandırıb.
Ancaq Mossanın məruzəsi hər kəs tərəfindən ciddi qəbul edilməyib. Bəzi alimlərin fikrincə, bu tapıntı yadplanetlilərin cəsədi deyil, insan mumiyalarının hissələrindən hazırlanmış fiqurdur.