Xorvatiya paytaxtının yaşıllıq ərazisinə pilotsuz uçuş aparatı düşüb, partlayış olub və hadisə yerində iri çuxur yaranıb. Ərazi mühasirəyə alınıb. Polis yaxınlıqda iki paraşüt aşkarlayıb. Məlum olub ki, bu, Sovet istehsalı Tu-141 “Strij” PUA-dır.
Ehtimal olunur ki, PUA Ukraynadan Macarııstana, oradan isə Xorvatiya səmasına daxil olub. Xorvatiya müdafiə naziri Mario Banojiç artıq məsələnin araşdırıldığını bildirib. Onun sözlərinə görə, Zaqreb ərazisinə düşən PUA ölkə üçün təhlükəli deyil.
“Biz NATO ilə intensiv əlaqə saxlayırıq. Mən Macarıstan və Sloveniyadan olan həmkarlarımla da danışmışam. Uçuş aparatı hava məkanına yerli vaxtla 22:57-də Macarıstan tərəfdən daxil olaraq orada 7 dəqiqə qalıb, 700 km/saat sürətlə hərəkət edib”, – deyə Banojiç bildirib.
Onun sözlərinə görə, PUA-nın hərəkət istiqaməti də müəyyən edilib.
“Güman ki, o, Xorvatiya üçün təhlükəli olmayıb, qorxmaq lazım deyil. NATO və bizim təhlükəsizlik xidmətlərimiz bu məsələ üzərində işləyirlər”, – deyə nazir vurğulayıb.