“ABŞ fevralın 10-da cümə günü Alyaska üzərində uçan naməlum obyekti vurub, onun mənşəyi isə məlum deyil”.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.
“Biz bu obyektin kimə məxsus olduğunu bilmirik”, – deyə o bildirib.
Kirbi, həmçinin aparatın uçuşa haradan başladığının bəlli olmadığını vurğulayıb.
Qeyd edək ki, Pentaqonun sözçüsü general Patrik Rayder fevralın 10-da Alyaska səmalarında F-22 qırıcısı tərəfindən kiçik avtomobil ölçüsündə obyekt vurulduğunu xəbər verib.
Pentaqon və Ağ Ev naməlum obyektin Cənubi Karolina sahillərində vurulan Çinə məxsus aerostatdan kiçik olduğunu deyərək ətraflı təsvirini verməkdən imtina edib.
Obyektin şimal-şərq istiqamətində 12 190 metr yüksəklikdə uçduğu məlumdur, rəsmilər onun mülki hava hərəkəti üçün təhlükə yaratdığını demişdilər. Naməlum aparat Alyaskanın şimal-şərq sahillərində, Kanada sərhədi yaxınlığında vurulub. Rəsmilərin sözlərinə görə, onun qalıqlarını buzdan çıxarmaq, Çinin məhv edilmiş hava şarının okeana dağılmış hissələrini toplamaqdan daha asan olacaq.
Rayderin sözlərinə görə, aparatı məhv etməzdən əvvəl pilotlar obyektdə insanların olmadığına əmin olublar. Hadisə ilə əlaqədar Federal Aviasiya İdarəsi (FAA) Alyaskanın şimalında hava məkanının bir hissəsini bağlayıb.
Xatırladaq ki, fevralın 4-də Şimali Karolina sahillərindən təxminən 19 km aralıda, Atlantik okeanı üzərində Çin aerostatı vurulub. Bundan sonra Çin Xarici İşlər Nazirliyi bildirib ki, Vaşinqtonun aerostatı vurmaq qərarı iki ölkə arasında münasibətlərə xələl gətirib. Pekin kəskin etirazını bildirib və gərginliyi artıran, həmçinin Çinin maraqlarına zərər vuran növbəti addımlardan çəkinməyə çağırıb.
Vaşinqton hesab edir ki, aerostat strateji obyektlərin müşahidəsi ilə məşğul olub. Onun marşrutu qitələrarası ballistik raketlərin mövqelərinə və strateji bombardmançıların aviabazasına yaxın idi. Çin tərəfi hava şarının meteoroloji zond olduğunu iddia edir.