İran İslam Respublikası hələlik ABŞ hökuməti ilə danışıqlara getmək niyyətində olmadığını vurğuladığı bir vaxtda, Donald Tramp hirsli bir açıqlama ilə nə İrana güzəşt edəcəyini, nə də danışıqlar aparacağını bildirib.
Donald Tramp bu gün “Truth Social” sosial şəbəkəsində sərt bir mesaj paylaşaraq ABŞ-ın son günlərdə İrana qarşı atdığı addımlarla bağlı demokrat senator Kris Kunzun tənqidlərinə cavab verib, həmçinin Obamanın Tehranla bağlı siyasətlərini tənqid edərək İranla heç bir danışıqların getmədiyini vurğulayıb.
Tramp həmin mesajında yazıb: “Saxta demokrat senator Kris Kunza deyin ki, mən İrana heç nə təklif etmirəm. Obama isə onlara axmaq nüvə sazişi (hansı ki, artıq vaxtı keçib!) çərçivəsində milyardlarla dollar verdi. Mən onlarla danışmıram belə, çünki biz onların nüvə obyektlərini tamamilə məhv etmişik.”
Trampın İranın nüvə proqramını tamamilə dağıtdığı iddiası isə ABŞ daxilində bir çox rəsmilər tərəfindən şübhə ilə qarşılanıb; onlar Trampın dediklərinin əksinə olaraq, İranın nüvə proqramının sadəcə bir neçə aylıq təxirə salındığını bildirirlər.
