Tovuzda iki qadının ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.
Hadisə ilə bağlı Tovuz rayon İbrahimhacılı kənd Bələdiyyəsinin nümayəndəsi Fəzail Məmmədhəsənov məlumat verib.
O bildirib ki, yanğın qısaqapanma nəticəsində baş verib və hadisədə ölən xanımlar qohum olublar:
“Yanğından gecə saat 02:56-da xəbərim oldu. Xanımlar həm qohum, həm də qonşu olublar. Yanğın Yaqut xanımın evində baş verib, o, tək yaşayırdı, həyat yoldaşı Oruc Quliyev də uzun müddət əvvəl dünyasını dəyişib, oğlunun birini gənc yaşda itirmişdi, digər oğlu isə Rusiyada yaşayır, ölkəyə tez-tez gəlmir. Yaqut xanım xəstə olub deyə Həqiqət xanım onun tək qalmasını istəməyib.
Onların heç bir düşmənçiliyi yoxuydu, mehriban adamlar idi. Mən evə gedəndə gördüm ki, divarda elektrik xətləri yanıb, tüstüdən boğulub qalxa bilməyiblər. Saat 03:07-də polisdən zəng gəldi ki, bəs ölüm hadisəsi olub, ölənlər kimdir? Daha sonra bölmə rəisi, rəisin müavini, prokuror gəldi. Cənazələr saat 05:14-də ekspertizaya aparıldı, indi morqdadır, yəqin, dəfn mərasimi sabah olar, ancaq bu gün də olma ehtimalı var”.
***
Tovuzda baş verən yanğın hadisəsi zamanı iki nəfər ölüb.
Ölkə.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
