Atlantik Okeanında itmiş “Titan” batiskafını axtararkən akustik əlaqə yaratmaq mümkün olub. Belə ki, xilasedicilər səs eşidiblər.
Bu barədə ABŞ-də axtarışların gedişi ilə bağlı hökumət sənədində məlumat verilib.
Səslərin tıqqıltıya bənzədiyi qeyd edilir. Onların nə zaman qeydə alındığı və nə qədər davam etdiyi sənəddə əksini tapmayıb.
Sənəddə qeyd olunur ki, akustik əks əlaqə səthdəki avadanlığı sualtı aparata yönəltməyə kömək edəcək.
Xatırladaq ki, turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən “Titan” sualtı eniş aparatı iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra Atlantik okeanında itib. İyunun 20-də “OceanGate Expeditions” şirkəti batiskafın yoxa çıxdığını təsdiqləyib. Sualtı aparatda beş nəfər, o cümlədən biznes aviasiyası ilə məşğul olan britaniyalı milyarder Hemiş Hardinq var.
İyunun 20-də batiskafda olan turistlərdən biri – dalğıc Rori Qolden “Facebook”da paylaşım edərək özünün və bütün ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğunu bildirdi, internetə çıxışının məhdud olduğunu açıqlayaraq, ancaq lazım gəldikdə paylaşım edəcəyini vurğuladı.
Qeyd edək ki, “Titan”da 4 günlük (96 saat) oksigen olub. Keçmiş xilasedici gəmi kapitanı Şon Tortora jurnalistlərə verdiyi müsahibədə eniş aparatındakı oksigenin sabah – 22 iyun cümə axşamı bitməli olduğu barədə xəbərdarlıq edib.