Qalapaqos (Tısbağa) arxipelaqına daxil olan Fernandina adasındakı La Kumbre vulkanı püskürməyə başlayıb.
Bu barədə Ekvadorun Ətraf Mühit Nazirliyi məlumat yayıb.
“Peyk sistemləri vasitəsilə qaz emissiyaları və istilik anomaliyaları aşkar edilib”, – deyə agentlikdən bildirilib.
Hesabatda vulkanın yerləşdiyi adada yaşayış olmadığına görə insanlar üçün təhlükənin qalmadığı qeyd edilib.
Qeyd edək ki, Ekvadora daxil olan Qalapaqos adaları Sakit Okeandakı vulkanik arxipelaqdır və vəhşi təbiəti seyr etmək üçün planetin ən yaxşı yerlərindən biri hesab olunur. Bu adalar çoxlu sayda endemik bitki və heyvan növləri ilə tanınır, onların çoxuna başqa heç bir yerdə rast gəlinmir. Məlumata görə, Çarlz Darvin təkamül nəzəriyyəsini əsaslandırmaq üçün Qalapaqos adalarında apardığı şəxsi müşahidə materiallarından geniş istifadə edib.