Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, bir xarici şirkət Talibanın rəhbərlik etdiyi hökumətlə razılaşaraq Əfqanıstanda həşiş emalı zavodu tikir.
Talibanın rəhbərlik etdiyi hökumətin Daxili İşlər Nazirliyinin sözçüsü Qari Səid Xosti çərşənbə günü öz tvitter hesabında yazıb ki, Cpharm adlı bu xarici şirkət Əfqanıstanda həşiş emalı və qablaşdırma zavodu qurmaq istəyir.
Xostinin sözlərinə görə, şirkətlə müqavilənin bütün mərhələləri başa çatıb və yaxın günlərdə zavodun tikintisinə başlanması planlaşdırılır.
Taliban daxili işlər nazirliyinin sözçüsü həmçinin bildirib ki, bundan sonra Əfqanıstanda “çers” adlanan bu maddənin istehsalı üçün qanuni olaraq yalnız bu xarici şirkətlə müqavilə bağlanacaq.
Xosti eləcə də qeyd edib ki, zavoda 450 milyon dollar sərmayə qoyan cpharm şirkəti dərman və krem hazırlamaq üçün bu maddədən istifadə edəcəkdir.
Xosti Cpharm şirkətinin hansı ölkəyə aid olduğunu açıqlamayıb. Bununla belə, xarici KİV-lər şirkətin avstraliyaya məxsus olduğunu yazıb.