QafqazTimes xəbər verir ki, sionist rejimin Xarici İşlər Nazirliyi öz rəsmi Facebook səhifəsində (ərəb dilində) bu rejim ilə Suriya və Misir arasında 1973-cü ildə baş vermiş müharibə ilə bağlı bəyanat yayıb.
Bu xəbərə görə, sözügedən açıqlamada qeyd olunub ki, 1973-cü ilin oktyabr müharibəsi gözlənilməz oldu və İsrail rejimi bunun əvəzini ağır ödədi. Təl-Əvivin ehtiyat qüvvələrini hazırlamaq üçün kifayət qədər vaxtı yox idi.
Adı çəkilən bəyanatın davamında belə deyilir: “Misir və Suriya orduları ilkin olaraq mühüm nailiyyətlər əldə etdilər. O cümlədən Misir ordusunun Süveyş kanalından keçməsi və onun şərq tərəfində yerləşməsi. Lakin İsrail ordusu sürətlə vəziyyəti dəyişə bildi….”
Sionist rejimin Xarici İşlər Nazirliyi əlavə edib ki, bu rejim sözügedən müharibədə 2688 əsgər və 150 tank itirib və ağır bədəllərə məruz qalıb.
Digər tərəfdən, sionist “Haaretz” qəzeti bu rejimin 1973-cü il müharibəsi zamanı Birləşmiş Qərargah Rəisləri İdarəsinin sənədlərini, müharibə zamanı İsrail qüvvələrinin çıxılmaz vəziyyətini göstərən sənədləri üzə çıxarıb.
Bu xəbərə əsasən, müharibənin başlanğıcında sionist ordusunun komandirləri sözügedən müharibənin ilk günlərində ümidsizlik, qorxu səviyyəsini göstərən ifadələr işlətmişlər.
Qeyd edək ki, oktyabr müharibəsi, Ramazan müharibəsi və ya “Kipur” müharibəsi (sionistlərə görə) kimi tanınan bu müharibə 1973-cü il oktyabrın 6-dan 25-dək Misir, Suriya və sionist rejim arasında baş vermişdir.
Oktyabr müharibəsi müstəsna döyüş idi və ərəb ölkələri İsrail rejiminə bir neçə dəfə məğlub olduqdan sonra gizli sövdələşmə ilə əvvəlki məğlubiyyətləri kompensasiya etmək qərarına gəldilər və 1973-cü ilin oktyabrında gözlənilməz əməliyyatla Süveyş kanalı və Qolan təpələrinin yaxınlığında yerləşən Barlou xəttinin istehkamlarına hücum etdilər və 1967-ci il ərazilərinin əhəmiyyətli hissələrini geri almağa müvəffəq oldular.
Lakin qəfil hücumun şokundan sonra sionist rejim üçüncü həftədə müharibənin nəticəsini öz xeyrinə dəyişdirə bildi və o zaman ABŞ və Sovet İttifaqı ərəb ölkələrinə təzyiq etdilər ki, razılaşmalar çərçivəsində və öz maraqları əsasında atəşkəsi qəbul etsinlər. Bağlanmış müqavilələrə görə, bu müharibə son nəticədə Quneytra şəhərinin və Qolan torpaqlarının bir hissəsinin və Sinay səhrasının bir hissəsinin azad edilməsinə səbəb oldu.