Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında iştirak edib.
Milli Məclisin spikeri iclasda Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verərkən Azərbaycandan “Azərbaycan SSRİ” deyə bəhs edib.
Belə ki, Milli Məclisin sədrindən sonra çıxış edən A.Simonyan guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb.
Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova isə yenidən söz alaraq bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil. Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.
Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan üçtərəfli Bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib.
2020-ci il 10 noyabr tarixli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbi birləşmələrinin üzvləri Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır.
Spiker sonda sözügedən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıdıqlarını bildirərkən “Azərbaycan” əvəzinə “Azərbaycan SSRİ” deyib.
Sözügedən anın kadrlarını təqdim edirik: