Binəqədi rayonunda “Azərsu”ya məxsus su sayğaclarını oğurlayan və qadına qarşı soyğunçuluq edən şəxslər tutulublar.
DİN-dən verilən məlumata görə, Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayətləri törədən əvvəllər də oğurluq və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş Qədir Hüseynov tutulub.
Qeyd edilib ki, bu şəxs Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən əsasən beşmərtəbəli binalardan ümumilikdə 15 nəfərin mənzilinə quraşdırılan sayğaclarını oğurlayıb. Qədir Hüseynov daha sonra əvvəlcədən müəyyən etdiyi yerdə sayğacları sökərək əlvan metal qəbulu məntəqələrinə satıb. Oğurlanan su sayğaclarının bir qismi həmin şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, Qədir Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə bir neçə gün əvvəl Binəqədi rayonu ərazisində qadına qarşı soyğunçuluq edən Toğrul Abbasov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, zərərçəkən xanımı metronun “Azadlıq” stansiyasının yaxınlığında əlində pul gördükdən sonra izləyib. Daha sonra qadının içərisində sənədləri, bank kartları və 200 dollar olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb. Toğrul Abbasov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Qədir Hüseynov və Toğrul Abbasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə, “102” Xidməti Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.