Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısına hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, prokuror Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.