QafqazTimes xəbər verir ki, bu həftə Yəmənin Mərkəzi Hərbi Dairəsində bölgə komandiri Əbdül Xaliq Bədruddin əl-Husinin nəzarəti altında 3000 yəmənli zabitin məzuniyyət mərasimi keçirilib.
“Əl-Məsirə”nin verdiyi məlumata görə, mərasimdə hərbiçilər paradda iştirak edərək, hərbi biliklərə yiyələndiklərini, həmçinin dini və vətənlərini təcavüzkar və işğalçılardan müdafiə etməyə hazır olduqlarını nümayiş etdiriblər.
Yəmənin informasiya naziri Zeyfullah əş-Şami mərasimdə deyib: “Təcavüzkar koalisiya atəşkəs etsə də vəziyyətini yaxşılaşdırmaq üçün bu atəşkəsdən istifadə edir, lakin biz onlardan daha güclü və daha hazırlıqlıyıq.”
O, əlavə edib: Səudiyyə koalisiyası atəşkəsdən sonra Yəmən ordusu və xalq komitələrinin süst olacağını düşünürdülər, lakin nəticə tam əksinədir, ordu və xalq komitələri düşmənin fitnələrindən xəbərdar olduqlarını sübut etdilər.
Yəmən xarici işlər nazirinin müavini Hüseyn əl-Əza bazar ertəsi Səudiyyə koalisiyasını müvəqqəti atəşkəsin şərtlərinə əməl etmədiyinə görə tənqid edib və onun uzadılması ehtimalının az olduğunu bildirib.
Qeyd edək ki, Yəməndə münaqişəyə son qoymaq və 7 illik mühasirəni bitirmək ümidi ilə aprelin 2-də başlayan atəşkəs rejimi işğalçı koalisiya tərəfindən dəfələrlə pozulduqdan sonra iyunun 2-də daha iki ay müddətində uzadıldı.
Bu yaxınlarda Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi də Səudiyyə koalisiyasını müvəqqəti atəşkəs qətnaməsinin müddəalarını yerinə yetirmədiyinə görə tənqid edib.