QafqazTimes xəbər verir ki, Rusiya parlamentinin rəsmisi televiziyaya müsahibəsində açıq şəkildə bildirib ki, Rusiya bir neçə raketlə ABŞ-ın şərqini və qərbini tamamilə məhv edə bilər.
Daily Mail-in çərşənbə axşamı verdiyi məlumata görə, rusiyalı deputat Aleksey Juravlev bir televiziya proqramında Rusiyanın 4 nüvə raketi ilə ABŞ-ın şərqini və qərbini yer üzündən silə biləcəyini bildirib.
Juravlev bildirib ki, Rusiya yeni “Sarmat-2” nüvə raketlərindən istifadə etsə, ABŞ sahillərində heç nə qalmayacaq və nüvə partlayışı nəticəsində Meksikadan “göbələk formalı nəhəng bulud” görünəcək.
O, proqramın bir hissəsində aparıcıya deyib: “Mən sizə deyim ki, ABŞ-ın bütün şərq sahillərini məhv etmək üçün iki “Sarmat” raketi və qərb sahilləri üçün də daha iki raket lazımdır.”
Sarmat-2, 15-ə qədər səsdən sürətli döyüş başlığı daşıya biləcəyi düşünülən Rusiya nüvə raketlərinin son nəslidir. Bu raketin bütün hazırkı raket əleyhinə müdafiə sistemlərindən yan keçə bildiyi bildirilir.