Fransa prezidentinin silahlı qüvvələr qarşısında əsas çıxışından əvvəl ordu rəhbəri Parisin Moskvaya Avropada “əsas düşmən” kimi baxdığını bildirib.
Kreml 11 iyulda Fransa prezidenti Emmanuel Makronun atəşkəsdən sonra Ukraynaya qərbli sülhməramlı qüvvələrin göndərilməsi təklifini rədd edib və Rusiyanın sərhədləri yaxınlığında xarici qoşunların mövcudluğunu “qəbuledilməz” adlandırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü keçirdiyi mətbuat konfransında Avropa liderlərinin Ukraynada hər hansı qərb hərbi mövcudluğunun yolverilməzliyi ilə bağlı Moskvanın mövqeyini tanımaqdan imtina etməsinə görə Kreml tərəfindən təəssüf hissi keçirildiyini bildirib.
Peskov bu bəyanatları Makronun cümə axşamı verdiyi açıqlamalara cavab olaraq səsləndirib. Fransa prezidenti həmin gün “İstək Koalisiyası”nın atəşkəs əldə olunacağı təqdirdə dərhal Ukraynaya yerləşdirilməyə hazır olacağını təsdiqləmişdi.
“Bu baxımdan yalnız təəssüfümüzü ifadə edə bilərik,” – deyə Peskov bildirib. “Rusiyanın mövqeyini eşitmək istəməmək var.”
Makron bu şərhləri Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə səsləndirib və atəşkəs imzalanacağı halda Ukraynaya dəstək üçün Avropanın birgə və çevik cavab verməyə hazır olduğunu vurğulayıb.
Gərginliyi artıran digər açıqlama isə cümə günü Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Tyerri Burkar tərəfindən səsləndirilib. O bildirib ki, Rusiya indi Fransanı “Avropada əsas düşmən” olaraq görür.
Burkar Moskvadakı bu mövqe dəyişikliyini, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalına başladığı gündən etibarən Parisin Kiyevə davamlı dəstəyinə bağlayıb.
“Bunu Vladimir Putin özü deyib,” – deyə Burkar bildirib və Rusiya prezidentinin Fransanı əsas rəqib kimi təsvir edən açıqlamalarına istinad edib.
Fransa birbaşa hərbi təhlükə altında olmasa da, general iddia edib ki, Kreml Fransaya və onun müttəfiqlərinə qarşı çoxölçülü kampaniya aparır – kiberhücumlar, dezinformasiya, casusluq və diversiyalar vasitəsilə.
“Rusiya güclü bir təhlükədir,” – deyə Burkar bildirib və sualtı infrastruktura diversiyalar, düşmən peyk manevrləri və Rusiya təyyarə və sualtı qayıqları tərəfindən edilən təxribatları misal çəkib.
“Rusiya sualtı qayıqları Şimali Atlantik və Aralıq dənizində fəaldır,” – deyə o əlavə edib. “Onlar bizim və britaniyalıların maraqları üçün əhəmiyyətli olan sahələri izləyirlər.” Hava məkanında isə Burkar bildirib ki, Qara dəniz, Suriya və Şimali Atlantik üzərində Rusiya təyyarələri ilə tez-tez “təmas və sürtünmələr” yaşanır.
Prezident Makronun bazar günü – Bastiliya Gününün ərəfəsində Fransa Silahlı Qüvvələri qarşısında çıxış edəcəyi planlaşdırılır. Yelisey sarayı bildirib ki, çıxışda “əsas açıqlamalar” olacaq və “beynəlxalq təhdidlərin artması fonunda” Fransanın müdafiə mövqeyi ilə bağlı nəticələr elan ediləcək.
Bu arada ABŞ prezidenti Donald Tramp da hadisələrə əlavə intriqa qataraq bildirib ki, “Putindən məyus olub” və gələn bazar ertəsi Rusiya ilə bağlı “önəmli bəyanat” verəcək.
