Rusiya pandemiya ilə əlaqədar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Uçuşlar hava hərəkətinə dair ikitərəfli hökumətlərarası sazişlərin müddəaları və aviasiya orqanları arasında ayrı-ayrı sazişlər əsasında qarşılıqlı əsasda həyata keçiriləcək.
Aviaşirkətlər müntəzəm və qeyri-müntəzəm uçuşları həyata keçirərkən Rusiya Federasiyasının Baş Dövlət Sanitariya Həkiminin 18 mart 2020-ci il tarixli 7 nömrəli “COVID-19-un yayılmasının qarşısının alınması üçün izolyasiyanın təmin edilməsi haqqında” Fərmanının müddəalarına əməl etməlidirlər.
Qeyd edək ki, fevralın 28-dən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.
Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat verilmişdi.
“Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır. Yuxarıda qeyd olunanlarla əlaqədar “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər”, – deyə açıqlamada vurğulanmışdı.