Bakıda keçirilən əməliyyat nəticəsində saxlanılan qadın narkotacir haqqında maraqlı faktlar üzə çıxıb.
Hotellərdə gecələyərək izini itirməyə çalışan Gülnar Əhmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O, daha əvvəl Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub.
2015-ci ildə G.Əhmədovanın Şirvan və Hacıqabulda imkanlı şəxslərlə görüşərək onların görüntülərini çəkməsi və sonradan digər iki nəfərlə birgə həmin şəxsləri bu videolarla şantaj etməsi üzə çıxıb. O vaxt Gülnar Əhmədova və onunla əlbir olan şəxslər barəsində cinayət işi açılıb, həmçinin o, katibə işlədiyi idarədən kənarlaşdırılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, G.Əhmədova Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyirmiş. Onunla birgə narkokuryerliyə cəlb etdiyi şəxslər də saxlanılıb.
G.Əhmədovanın Nəsimi rayonunda yerləşən hotellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı iki kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən hotellərdə gecələdiyini bildirib.
Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.