Qəzzada aclıqdan əziyyət çəkən uşaqların dəhşətli görüntüləri sosial şəbəkələri bürüyüb, kəskin qidalanma çatışmazlığından ölənlərin sayı isə artmaqda davam edir.
24 iyul tarixində dörd qərb xəbər təşkilatı birgə bəyanat yayaraq, İsrailin mühasirəsi və Qəzzaya qarşı həyata keçirdiyi soyqırım xarakterli hərbi kampaniya səbəbilə bölgədə yayılan kəskin aclığın jurnalistlərini aclıq təhlükəsi ilə üz-üzə qoyduğunu bildirib.
“Qəzzadakı müxbirlərimiz üçün ciddi narahatlıq keçiririk. Onlar özlərini və ailələrini qidalandıra bilməyəcək hala gəliblər,” – deyə Reuters, AP, AFP və BBC-nin birgə bəyanatında qeyd olunub.
“Bu müstəqil jurnalistlər aylardır Qəzzadakı vəziyyəti dünyaya çatdırırlar. İndi isə özləri də xəbərlərini verdikləri insanların içində olduğu acınacaqlı duruma düşüblər,” – bəyanatda əlavə olunub.
Bəyanatda İsraildən jurnalistlərin Qəzzaya daxil olub-çıxmasına icazə verilməsi, həmçinin bölgəyə kifayət qədər humanitar yardım və ərzaq buraxılması tələb edilib.
2023-cü ilin oktyabrında başlayan soyqırımdan bəri beynəlxalq medianın Qəzzaya müstəqil şəkildə daxil olmasına qadağa qoyulub.
Son günlərdə sosial şəbəkələrdə aclıqdan əziyyət çəkən Qəzza uşaqlarının ağır görüntüləri geniş yayılıb.
Qəzzada son günlərdə uşaqlar da daxil olmaqla azı 20 nəfər aclıqdan ölüb.
Qəzza Hökumətinin Media Ofisi 24 iyul tarixində verdiyi açıqlamada bildirib ki:
“Qəzza zolağındakı xəstəxanalar müharibənin başlanmasından bəri aclıq və qidalanma çatışmazlığı səbəbindən 115-dən çox ölüm halı qeydə alıb. Ərzaq, su və dərmanların demək olar ki, tamamilə tükənməsi fonunda Qəzza həftəlik ən azı 500,000 un kisəsinə təcili ehtiyac duyur. Əks halda tammiqyaslı humanitar fəlakət qaçılmaz olacaq.”
Bir gün əvvəl, Qəzza Səhiyyə Nazirliyi əlavə 10 nəfərin aclıqdan öldüyünü açıqlamışdı.
Qəzzada jurnalistlər təkcə aclıqla deyil, eyni zamanda İsrailin hava hücumları ilə həlak olma riski ilə də üz-üzədir. Müharibə başladıqdan bəri İsrailin hücumları nəticəsində 231-dən çox jurnalist həyatını itirib.
AFP jurnalistlər ittifaqı 21 iyul tarixində xəbərdarlıq edərək bildirib ki, təcili müdaxilə olmazsa, Qəzzada qalan son reportyorlar da aclıqdan öləcək.
“AFP 1944-cü ildə qurulduğundan bəri münaqişələrdə əməkdaşlarımızı itirmişik, yaralanan və həbs olunanlar da olub – lakin heç birimiz bir həmkarımızın aclıqdan öldüyünü xatırlamırıq,” – deyə bəyanatda qeyd olunub.
19 iyulda Qəzzadan xəbər hazırlayan AFP əməkdaşı sosial şəbəkədə yazıb:
“Artıq medianın verdiyi tapşırıqları yerinə yetirə bilmirəm. Bədənim arıqlayıb, işləməyə gücüm qalmayıb.”
Qəzza səhiyyə rəsmiləri ötən həftə bölgədə genişlənən aclıq epidemiyası barədə xəbərdarlıq ediblər. Yüzlərlə insan uzunmüddətli aclıq səbəbilə ağır bağırsaq xəstəlikləri, halsızlıq və yaddaş itkisi yaşayır.
