Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2024-cü il Olimpiya oyunlarından əvvəl Sena çayının çirkli olmadığını və üzmək üçün təhlükəsiz olduğunu isbatlamaq üçün çayda çimib.
Qeyd edək ki, 2023-cü ilin yayından ekoloqlar səlahiyyətlilərin və medianın diqqətini Sena sularında çirklənmənin yüksək səviyyədə olduğuna yönəldirlər. Səlahiyyətlilər Paris çayının sularını təmizləmək üçün əhəmiyyətli dərəcədə işlər görüblər.
Paris meri Ann İdalqo ilə yanaşı, paytaxtın İl-de-Frans bölgəsinin prefekti Mark Giyom və Olimpiya Təşkilat Komitəsinin rəhbəri Toni Estange Sena çayına giriblər.
“Çaydakı suyun üzmək üçün təhlükəsiz olduğunu nümayiş etdirməliyik”, – deyə Mark Giyom “France Bleu” radiostansiyasının efirində bildirib.
O vurğulayıb ki, Sena çayının təmizlənməsi üçün çox işlər həyata keçirilib.
Xatırladaq ki, iyulun 13-də idman naziri Ameli Udea-Kastera da Sena çayında çimib. Onu bu zaman paratriatlon üzrə dünya və Avropa çempionatlarının dəfələrlə qalibi, həmçinin Tokio Paralimpiya Oyunlarının (2021) qızıl mükafatçısı, triatlonçu Aleksis Ankinkan müşayiət edib.
Qeyd edək ki daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da Olimpiadadan əvvəl Senada üzməyə hazır olduğunu bildirsə də, Yelisey sarayı dövlət başçısının bunu nə vaxt reallaşdırmağı planlaşdırdığını hələlik açıqlamayıb.