Bu gün, çərşənbə günü səhər saatlarında Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Bajaur dairəsində baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bajaur rayon polis zabiti Vəqas Rafiq “Dawn.com” saytına bildirib ki, 5 nəfər, o cümlədən iki polis əməkdaşı və bir mülki şəxs Naogay yolunda hökumət maşınının keçidi zamanı baş vermiş partlayışda həlak olub.
O qeyd edib ki, “partlayış o qədər güclü idi ki, hədəfə alınan avtomobil tamamilə məhv olub”, əlavə edib ki, 11 nəfər yaralanıb və dərhal Xar xəstəxanasına aparılıb.
Həlak olanlar arasında Naogay köməkçi komissarı Fəysal İsmayıl, Təhəsildar Əbdül Vəkil, Subedar Nur Həkim və polis əməkdaşı Rəşid də var.
Rayon polis rəisi bildirib ki, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və xilasetmə işləri davam edir.
Xayber-Paxtunxva əyalətinin səhiyyə üzrə müşaviri Hatşəm Əli partlayışı sərt şəkildə qınayaraq, köməkçi komissarın və digərlərinin ölümünə görə dərin hüznünü bildirib.
O deyib: “Bajaurdakı xəstəxanalarda fövqəladə vəziyyət elan olunub və səhiyyə idarəsi əməkdaşlarına ilkin tibbi yardım göstərmək üçün təlimat verilib.”
Xayber-Paxtunxva əyalətinin polis baş müfəttişi Zülfüqar Həmid Malakand rayon polis zabitindən partlayışla bağlı hesabat tələb edib.
O, həmçinin qadağan olunmuş Pakistan Taliban Hərəkatına qarşı kəşfiyyat əməliyyatlarının sürətləndirilməsi barədə göstəriş verib və Terrorla Mübarizə İdarəsinin əlavə polis baş müfəttişinə xüsusi komanda göndərməyi tapşırıb.
Həmid bildirib: “Hadisə ilə bağlı kəşfiyyat məlumatları toplayan xüsusi şöbə fəaliyyət göstərir”, əlavə edib ki, ilkin məlumatlara görə, Pakistan Taliban Hərəkatı köməkçi komissarın avtomobilini hədəfə alıb.
O əlavə edib ki, hadisəyə qarışan şəxsləri tutmaq üçün qruplar formalaşdırılıb, hadisə yerindən bütün zəruri sübutlar toplanır və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə komandalar ərazidə işləyir.
Xayber-Paxtunxva polis rəisi ölkənin və əyalətin sabitliyini pozan elementlərlə ciddi mübarizə aparılacağını vurğulayıb.
Hadisə, Xayber-Paxtunxva əyalətinə daxil olan Dera İsmayıl Xan dairəsində baş vermiş və 3 təhlükəsizlik əməkdaşının öldüyü, 2 nəfərin isə yaralandığı partlayışdan bir gün sonra baş verib.
