QafqazTimes xəbər verir ki, Omanın xarici işlər naziri Bədr əl-Busəidi Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Maskatın sionist rejimlə münasibətlərin normallaşdırılması müqavilələrinə qoşulmayacağını vurğulayıb.
“Əl-Xəlic Online” xəbər saytının və Monte Karlo radiosunun ötən gün (şənbə günü) Figaro-ya istinadən verdiyi məlumata görə, Bədr əl-Busəidi bildirib: “Oman 1979-cu ildə Kemp-Devid müqaviləsindən sonra fələstinlilərlə israillilər arasında sülhü dəstəkləyən ilk Körfəz dövləti olub.”
Bununla belə, Omanın xarici işlər naziri vurğulayıb ki, Maskat “Abraham” sazişlərinə (sionist rejimlə münasibətlərin normallaşdırılması) qoşulmayacaq, çünki bu ölkə Fələstin xalqını dəstəkləyən təşəbbüslərə üstünlük verir.
Əl-Busəidi əlavə edib ki, “Abraham” razılaşmasındakı istənilən müvəffəqiyyət “iki dövlətli həll yoluna” əsaslanmalı və Fələstin məsələsinin yekun, qalıcı və ədalətli həllinə gətirib çıxarmalıdır.
O, müsahibənin başqa bir hissəsində Vyana danışıqlarına da toxunmuş və Oman, İran və ABŞ arasında gizli danışıqları təsdiqləməmişdir. Lakin o, yeni razılaşmanın əldə edilməsinin Yaxın Şərqin və dünyanın xeyrinə olduğunu bildirib.