Paytaxtın Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
Rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanov saxlanılaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digr analoji cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq.
Qeyd edək ki, bu ilin 5 ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən vaxtında alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayışı pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib. Bundan başqa hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.