Türkiyə prezidenti Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında noyabrın 15-də İstanbulda Qəzza ilə bağlı beynəlxalq toplantı keçiriləcəyini deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan bu toplantının həyat yoldaşı Əminə Ərdoğan tərəfindən təşkilatlandığını qeyd edərək deyib: Noyabrın 15-də İstanbulda dövlət və hökumət başçılarının həyat yoldaşlarının iştirakı ilə keçiriləcək bu toplantıda qəzzalı bacı-qardaşlarımızın əziyyətini yüngülləşdirmək üçün güclü həmrəylik nümayiş etdiriləcək.
Ərdoğan vurğulayıb: Biz humanitar atəşkəsin təmin edilməsi və münaqişənin yayılmasının qarşısını almaq üçün diplomatik təşəbbüslərimizi davam etdiririk. Bu günə qədər 230 tondan çox humanitar yardım materialları ilə dolu 10 təyyarə göndərmişik. 2 mülki humanitar yardım gəmimizin göndərilməsi üçün hazırlıqlarımız davam edir.
Fələstin torpaqlarında başlayan münaqişələr ürəyimizi parçaladı. İsrailin Qəzzaya hücumlarının 34-cü gününü geridə qoyduq. İsrail tərəfindən vəhşicəsinə öldürülən 11 minə yaxın qəzzalının 73 faizi qadın və uşaqdır. Qərb ölkələrinin tam dəstəyini alan İsrail rəhbərliyi bəşəriyyətə aid bütün dəyərləri pozaraq məktəbləri, məscidləri, kilsələri, xəstəxanaları, universitetləri və mülki yaşayış məntəqələrini bombalamağa davam edir.