Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən Yevlax şəhərində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 12 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.