Rusiyanın Həştərxan vilayətində kafedə münaqişə zamanı 4 nəfər güllə yarası alıb.
Bu barədə “RİA Novosti”yə Daxili İşlər Nazirliyinin region üzrə nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bazar günü Nərimanov rayonundakı xəstəxanadan polisə 4 nəfərin güllə yarası ilə gətirilməsi barədə məlumat verilib. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.
Polis kafedə spirtli içki qəbul etmiş 7 yerli sakin arasında münaqişənin olduğunu müəyyənləşdirib.
“Dörd iştirakçı həyati təhlükəsi olmayan güllə yarası alıb”, – Daxili İşlər Nazirliyinin sözçüsü bildirib. Zərərçəkənlərə tibbi yardım göstərilib.
Cinayət-axtarış şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O özü də insident zamanı xəsarət alıb. Dava iştirakçılarından iki tapança götürülüb.
Polis hadisənin başvermə şəraitini müəyyən edir.