HƏMAS-ın bir təhlükəsizlik rəsmisi sionist rejimin Qəzza zolağının müxtəlif bölgələrində yerləşdirdiyi çoxsaylı müasir casusluq qurğularının aşkarlanaraq müsadirə edildiyini açıqlayıb və bildirib ki, işğalçı rejim bu qurğulardan fələstinlilərə qarşı partlayıcı tələ kimi də istifadə edib.
Qafqaz Times -ın məlumatına görə, HƏMAS hərəkatının bir təhlükəsizlik rəsmisi ötən gecə – bazar ertəsi axşam – verdiyi açıqlamada bildirib ki, işğalçı sionist qüvvələrin öz muzdurları vasitəsilə Qəzza zolağında yerləşdirdiyi dinləmə və müşahidə qurğuları müqavimətin təhlükəsizlik qüvvələri tərəfindən aşkarlanaraq müsadirə edilib.
Adı açıqlanmayan bu HƏMAS rəsmisi Əl-Cəzirə kanalına verdiyi açıqlamada bildirib: çoxfunksiyalı kvadrokopterlər, dinləmə və görüntü götürmə cihazları sionist rejimin casusluq və hərbi məqsədlər üçün yerləşdirdiyi qurğular sırasındadır. Bu cihazlardan biri dağıntılar arasında gizlədilmiş vəziyyətdə, həssas bir bölgədə yerləşdirilmiş videomüşahidə cihazı olub.
O əlavə edib: düşmən sionist rejimi görüntüləri birbaşa kameralarla çəkməkdən çəkinir və bunun əvəzinə hərəkət sensorlarından istifadə edərək görüntü və videoları qeyd edir. Qurğu günün 24 saatı hərəkət sensorları vasitəsilə görüntüləri qeyd edərək işğalçı rejimin casusluq xidmətinə göndərirmiş.
HƏMAS rəsmisi bildirib: saxlanılan görüntülərdən birində, Qəzzanın cənubundan şimala keçmək istəyən fələstinli bir qızın şəhid edildiyi anı gördük. Bundan əlavə, əsirlərin dəyişdirilməsinin ikinci mərhələsində sionist əsirlərin təhvil verildiyi yerin yaxınlığında işlək vəziyyətdə olan çipli bir izləmə cihazı aşkarlanaraq müsadirə edilib.
O əlavə edib ki, səs dinləmə cihazlarından biri köhnəlmiş bir plastik qab şəklində gizlədilmiş və Qəzza şəhərindəki qaçqın düşərgələrindən birinin yaxınlığında tapılaraq zərərsizləşdirilmişdir. Müqavimət mühəndisləri bu təhlükəli casusluq cihazını zərərsizləşdirib, onun iş mexanizmini müəyyənləşdirərək məqsədini ifşa ediblər.
Sözügedən HƏMAS rəsmisi bildirib ki, düşmən sionistlərin muzdurları tərəfindən Qəzza zolağının cənubunda beton blokun içərisinə yerləşdirilmiş başqa bir casusluq qurğusu da aşkarlanıb. Bu cihazlar müsadirə edildikdən sonra, işğalçılara qarşı aparılan müharibədə hərbi və informasiya məqsədləri üçün istifadə edilib.
HƏMAS rəsmisi əlavə edib ki, daha bir casusluq cihazı Qəzza zolağının cənubundakı xəstəxanalardan birinin həyətində yerləşən beton blokun içərisinə yerləşdirilmişdi və məqsədi vətəndaşların telefon danışığını dinləmək idi. O, bu casusluq qurğularının aşkarlanmasına kömək edən vətəndaşların yüksək təhlükəsizlik ayıqlığına görə təşəkkür edib və bu ayıqlığın qorunmasının vacibliyini vurğulayıb.
O sonda qeyd edib: sionistlər Qəzzada fələstinli vətəndaşları və müqavimət döyüşçülərini izləyir və buna görə də çox ehtiyatlı olmalıyıq, çünki bu casusluq qurğuları bəzən partlayıcı tələ kimi də istifadə edilə bilər.
