Rusiyanın Perm diyarında kreditorlara və kommunal şirkətlərə borcu olan sakindən 200-dən çox robot oyuncaq müsadirə edilib.
Bu barədə regional məhkəmə icraçıları idarəsindən məlumat verilib.
İdarənin məlumatına görə, oyuncaq robotlar muzeyinin sahibi olan Perm sakini kredit və kommunal ödənişlərə görə 2 milyon rubl (37 min manatdan çox) borc yığıb. Ona bunun mənfi nəticələri ilə bağlı məhkəmə icraçıları tərəfindən xəbərdarlıq edilsə də, deyilənlərə məhəl qoymayıb.
Bu zaman idarə əməkdaşları borclunun mənzilində qeydiyyat prosedurlarına qadağa qoyublar, muzeyin robot cizgi filmi personajlarının isə inventarını aparıblar və daha sonra əmlakına həbs qoyublar. İnventar zamanı oyuncaqların dəyəri ilkin olaraq 155 min rubl (3 min manata yaxın) olaraq qiymətləndirilib. Bildirilib ki, borc ödənildikdən sonra oyuncaqlar sahibinə qaytarılacaq.
“…236 cizgi filmi personajı modeli saxlanılması üçün iddiaçının nümayəndəsinə təhvil verilib”, – deyə Federal Məhkəmə İcraçıları Xidməti Baş İdarəsinin bununla bağlı yaydığı məlumatda qeyd edilib.