ABŞ maliyyəsi və Palantirin süni intellekt alətləri ilə dəstəklənən MAQATE, İranda keçirdiyi yoxlamaları nəzarət rejiminə çevirərək müşahidə ilə hərbi hədəfləmə arasındakı sərhədi yox edib.
13 iyunda İsrail İrana qarşı qeyri-qanuni təcavüz müharibəsinə başladığından bəri kölgəli casus-texnologiya şirkəti Palantir tərəfindən yaradılmış MOSAYİK (MOSAİC) adlı alətin rolu barədə fərziyyələr yayılıb.
Bu proqram təminatı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) əməliyyatlarında, xüsusilə “təhlükəsizlik tədbirləri” missiyasında – yəni dövlətlərin nüvə silahlarının yayılmaması sazişlərinə əməl etməsini yoxlamaq və izləmək işində – dərin şəkildə inteqrasiya olunub.
MOZAYİK artıq on ildir ki, bu fəaliyyətin mərkəzindədir və səssiz şəkildə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası tərəfindən 2015-ci ilin iyulunda İranla imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) daxil edilib.
Nəzarət adı altında casusluq
Razılaşma MAQATE müfəttişlərinə İranın nüvə obyektlərinə məhdudiyyətsiz giriş imkanı verirdi ki, bu da nüvə silahı proqramının olmadığını təsdiqləməyə xidmət edirdi. Bu prosesdə agentlik böyük miqdarda məlumat toplayırdı: müşahidə görüntüləri, sensor ölçmələri, obyekt sənədləri – bütün bunlar MOZAYİK-in proqnozlaşdırıcı sisteminə daxil edilirdi.
Lakin proqramın razılaşmadakı həlledici rolu yalnız 2018-ci ilin mayında Bloomberg-in ifşa materialında üzə çıxdı; bu, ABŞ prezidenti Donald Trampın ilk prezidentlik dövründə razılaşmanı birtərəfli şəkildə pozaraq Vaşinqtonun Tehrana qarşı “maksimum təzyiq” kampaniyasına başlamasından cəmi bir neçə gün əvvəl baş verdi.
Tramp razılaşmanı pozsa da, İranın nüvə obyektlərində yoxlamalar davam etdi, MOZAYİK isə Tehranın nüvə proqramını izləməyi sürdürdü. Bloomberg qeyd edirdi ki, Palantir-in texnologiyası MAQATE-yə dünyanın müxtəlif mənbələrindən toplanan geniş məlumat kütləsini, o cümlədən İranda sosial şəbəkə paylaşımları və peyk fotoları kimi 400 milyon “rəqəmsal obyekt”i təhlil etməyə kömək edib – bu isə “MAQATE-nin nüvə nəzarəti ilə kəşfiyyat toplama arasındakı sərhədi aşa biləcəyi” narahatlığını artırırdı.
Bloomberg-in məqaləsi, həmçinin, İranın tez-tez səsləndirdiyi narahatlığı – MOZAYİK-in israillilərə iranlı alimləri qətlə yetirmək üçün izləməyə kömək etməsi ehtimalını – gücləndirirdi:
“Agentliyin sənədlərinə görə, bu alət MAQATE-nin yeni 50 milyon dollarlıq MOZAYİK platformasının analitik nüvəsini təşkil edir; məxfi məlumat bazalarını inspektorlara nüvə fəaliyyətində iştirak edən şəxslər, yerlər və materiallar arasındakı əlaqələri vizuallaşdırmağa kömək edən xəritələrə çevirir.”
Bloomberg hökumətləri yoxlama məsələləri üzrə məsləhətləndirən Britaniya şirkətinin rəhbərinin MOZAYİK-ə səhv məlumatın “ya təsadüfən, ya da qəsdən” daxil edilməsinin təhlükələri ilə bağlı fikirlərini sitat gətirib:
“Əgər sistemə uyğun izah əlavə etmədən yanlış fərziyyə daxil etsəniz, səhv nəticə alacaqsınız… və sonda kölgələrin gerçək olduğuna özünüzü inandıracaqsınız.”
Tehranın əsas və davamlı narahatlığı ondan ibarətdir ki, MOZAYİK Palantirin “proqnostik-polis proqramı”ndan ciddi şəkildə təsirlənir. Qərb dünyasının bir çox hüquq-mühafizə orqanları tərəfindən çox böyük xərclə istifadə edilən bu texnologiya son dərəcə mübahisəlidir və təhlükəli, yanıltıcı qərəzlər nümayiş etdirdiyi, nəticədə səhv “cinayət əvvəlcəsi” müdaxilələrə səbəb olduğu aşkar edilib.
Həqiqətən, MIT Technology Review proqnostik texnologiyanın hətta daxili cinayət məlumatlarının təhlilində necə təhlükəli olduğunu göstərən hesabatında bu texnologiyanın ləğvini açıq şəkildə tələb edib:
“Şəffaflığın olmaması və qərəzli təlim məlumatları bu alətləri yararsız edir. Əgər onları düzəldə bilmiriksə, onlardan imtina etməliyik.”
Mossad tərəfindən oğurlanmış və yalan məlumatların nümayişi ilə açıq şəkildə təbliğ edilən İranın nüvə arxivləri kimi şübhəli kəşfiyyat məlumatlarının daxil edilməsi nəzərə alındıqda, belə saxtalaşdırılmış məlumatların əsassız yoxlamalara səbəb olması çox mümkündür. Bloomberg 2015-ci il razılaşmasının hazırlanmasında iştirak edən bir danışıqlarçını sitat gətirərək “çirkli və ya struktursuz məlumatların” “lazımsız ani yoxlamaların çoxalmasına” gətirib çıxara biləcəyindən narahatlıq ifadə etdiyini bildirib.
Palantirin proqram təminatı xüsusilə MAQATE-yə “planlaşdırılmamış yoxlamaları planlaşdırmağa və əsaslandırmağa” kömək edib – ABŞ-İsrail hücumları yoxlamalara son qoyana qədər ən azı 60 belə yoxlama həyata keçirilib.
Məlumat – silah kimi
31 mayda MAQATE bir hesabat yayaraq İranın hələ də nüvə silahı hazırlamaqda ola biləcəyini iddia etdi. Hər hansı yeni sübut təqdim etmədən bu şübhəli ittihamlar “2000-ci illərin əvvəllərinə qədər” üç obyektdə “bəyan edilməmiş nüvə materialının” saxlanılması ilə əlaqəli onilliklər əvvələ gedib çıxan fəaliyyətlərə əsaslanırdı.
Bu nəticələr BMT-nin nüvə nəzarət agentliyinin İdarə Heyətini 12 iyunda İranı “yayılmamanın öhdəliklərini pozmaqda” ittiham etməyə sövq etdi və Təl-Əvivə ertəsi gün başlatdığı qeyri-qanuni hücum üçün təbliğat bəhanəsi verdi.
17 iyunda MAQATE-nin rəhbəri Rafael Qrossi agentliyin Tehranın “nüvə silahına keçmək üçün sistemli səylərinə dair heç bir sübutu olmadığını” etiraf etdi. Lakin artıq zərər vurulmuşdu. İran parlamenti MAQATE-nin həssas məlumatları gizli şəkildə Təl-Əvivlə paylaşdığını və Qrossinin israilli rəsmilərlə gizli əlaqəsini əsas gətirərək agentliklə bütün əməkdaşlığı dayandırdı.
Bu, MAQATE-nin nəzarətində olan digər dövlətlər üçün də ən ağıllı yol ola bilər. Çünki MOZAYİK indi agentliyin gündəlik fəaliyyətinə o qədər inteqrasiya olunub ki, rejim dəyişikliyi hədəfinə çevrilən hər hansı ölkə saxta sübutlarla nüvə ambisiyalarında ittiham oluna bilər.
2017-ci ilə aid MAQATE sənədində MOZAYİK-in “20-dən çox müxtəlif proqram təminatı layihəsindən” ibarət olduğu bildirilir. 2015-ci ilin mayında istifadəyə veriləndə onun dünyada “təhlükəsizlik tədbirlərində inqilab” yaradacağı ümid edilirdi.
Hesabat MOZAYİK-i inspektorlara “sabahın çağırışları ilə üzləşmək üçün vasitələr paketi” kimi təsvir edirdi. Məsələn, Elektron Doğrulama Paketi (EVP) sahədə məlumatların – planlaşdırma, hesabat və baxış da daxil olmaqla – avtomatik toplanmasına və işlənməsinə imkan verir. İnspektorlar obyektə səfər edəndə çoxlu məlumat yazır və bu məlumat EVP vasitəsilə dərhal baş qərargahda təhlil edilir.
Digər tərəfdən, Əməkdaşlıq Analiz Platforması (CAP) daxili və açıq mənbələrdən, o cümlədən peyk görüntülərindən məlumatların dərin kross-referanslaşdırılmasına imkan verir. Bu, MAQATE-nin əsas təhlükəsizlik proseslərini – “planlaşdırma, məlumat toplama və təhlil, yoxlama və qiymətləndirmə” – dəstəkləyir.
CAP MAQATE-yə “müxtəlif mənbələrdən məlumat və informasiya toplamaq, inteqrasiya etmək və ətraflı təhlil aparmaq” imkanı verir. Sənəddə sitat gətirilən MAQATE rəsmisi platformanın “analitikada əsas sıçrayış” və “oyun dəyişdirici” olduğunu bildirərək, bunun agentliyə “daha çox məlumat toplamağa və onu əvvəlkindən daha dərin təhlil etməyə” imkan verdiyini vurğulayıb.
Belə analitik imkanlar inspektorlara “müxtəlif mənbələrdən, zaman kəsiyində məlumatlar arasında əlaqələr qurmaq” və “böyük məlumat həcmlərindən məna çıxarmaq” bacarığı qazandırır.
CAP həmçinin açıq mənbə məlumatlarının toplanmasına və qiymətləndirilməsinə kömək edir. Sənəddə qeyd olunub ki, platforma “Hazırda Departamentin emal gücünü üstələyən miqdarda açıq mənbə məlumatlarını emal edə” və əməkdaşlara “bütün məlumat anbarında axtarış aparmaq, müxtəlif məlumat növlərini diqqətlə yoxlamaq və məlumatdan vizual formatlarda, məsələn, ‘yuxarıdan çəkilmiş görüntülərdə’ istifadə etməyə” şərait yaradır.
ABŞ hökumətinin “büdcədənkənar töhfələri”
Bütün bu kəşfiyyat məlumatları son dərəcə həssasdır və MAQATE-nin hədəfində olan ölkələrə qarşı hərbi əməliyyat həyata keçirmək niyyətində olan dövlətlər üçün əsl xəzinədir. 2017-ci il hesabatına görə, inspektorlar təkcə 2015-ci ildə sahədə 13,248 gün keçirib və 709 nüvə obyektini yoxlayıblar. Bu rəqəmlər sonradan daha da artıb. Bütün bu müddət ərzində “nüvə materialı və ya texnologiyasının sui-istifadəsinin erkən aşkarlanması” üçün az tanınan alət olan MOZAYİK fəaliyyətini davam etdirib.
Hesabatda qeyd olunurdu ki, MOZAYİK MAQATE-nin illik büdcəsi, Böyük Kapital İnvestisiya Fondu və “büdəcədənkənar töhfələr” vasitəsilə maliyyələşib. O vaxtkı dəyəri təxminən 41 milyon avro (təxminən 44,15 milyon ABŞ dolları) idi – bu isə agentliyin illik büdcəsinin təxminən 10 faizinə bərabər idi. Bu büdəcədənkənar töhfələrin mənbəyi və ölçüsü qeyri-müəyyən olaraq qalır, bəlkə də qəsdən gizli saxlanılır, lakin ABŞ Konqresinin Tədqiqat Xidməti tərəfindən hazırlanan məlumat qeydinə görə, Vaşinqton hər il MAQATE-ni 100 milyon dollardan çox vəsaitlə rəsmi şəkildə maliyyələşdirir.
Üstəlik, ABŞ hər il ardıcıl olaraq 90 milyon dollardan çox büdəcədənkənar töhfə təmin edir. Başqa sözlə, MAQATE-nin büdcəsinin təxminən yarısı ABŞ-dan gəlir və bu, MOZAYİK-in tamamilə Vaşinqtonun vəsaiti hesabına yaradıldığını göstərir.
MOZAYİK-in işə salınmasının vaxtı – Obama administrasiyasının İranla nüvə sazişini razılaşdırmasından iki ay əvvəl – onun xüsusi olaraq İranı nəzərdə tutaraq maliyyələşdirildiyini göstərir. Həmin vaxt MAQATE-nin baş direktoru Yukiya Amano 2018-ci ilin martında açıqlamışdı ki, təşkilatın Tehrana nüfuzu misilsiz olub.
Mətbuat konfransında Amano İran üzrə nüvə “doğrulama rejimi”ni “dünyanın ən güclüsü” adlandırmışdı. Təşkilatın inspektorları ölkədə ildə “3,000 təqvim günü” səfərdə olub, “mürəkkəb müşahidə kameralarımız vasitəsilə gündə yüz minlərlə şəkil çəkib”, bu isə “dünyada topladığımız belə şəkillərin ümumi sayının təxminən yarısını” təşkil edib.
Ümumilikdə, MAQATE ayda “bir milyondan çox açıq mənbə məlumatı” toplayıb.
MAQATE-nin İrana bu qədər fokuslanması və nüvə alimlərinin adlarını İsrailə ötürərək onların sonradan qətlə yetirilməsində rolu olduğu şübhələri belə bir sual doğurur: 2015-ci il sazişi həmişə müharibəyə hazırlıq üçün nəzərdə tutulmuş genişmiqyaslı sənaye casusluğu əməliyyatı idimi?
Təl-Əvivin İrana qarşı uğursuz müharibəsinin ilk mərhələlərində nüvə alimləri və SEPAH komandirlərinin ardıcıl qətlləri bu nəticəni təsdiqləyir.
İran rəsmiləri təkcə MAQATE ilə əməkdaşlığı dayandırmayıb, yoxlama kameralarının sökülməsinə göstəriş verib və Qrossinin bombalanmış nüvə obyektlərinə baş çəkmək xahişini də rədd ediblər. Xarici işlər naziri Abbas Əraqçi MAQATE rəhbərinin təhlükəsizlik tədbirləri bəhanəsi ilə israrını “mənasız və hətta pis niyyətli ola biləcək” kimi qiymətləndirib.
Aydın olan budur ki, MAQATE ilə əməkdaşlığı davam etdirən hər hansı dövlət artıq başa düşməlidir: o, sadəcə izlənilmir – müharibə üçün xəritəyə salınır.
Mənbə: The Cradle
