QafqazTimes xəbər verir ki, müstəntiqlərin günlərlə apardığı araşdırmadan sonra Manhetten məhkəməsinin böyük münsiflər heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampı susmağa görə rüşvət ödəməkdə ittiham edib.
Tramp ABŞ-ın bir porno ulduza 130.000 dollar pul ödədiyinə görə cinayət işi açılan ilk sabiq prezident olacaq.
“New York Times” qəzeti də məlumatlı mənbələrə istinadən yazıb ki, Trampa qarşı ittiham aktı yəqin ki, yaxın günlərdə açıqlanacaq.
Keçmiş ABŞ prezidentinin şəxsi vəkili Manhetten məhkəməsinin Trampa qarşı ittiham aktını təsdiqləyərək, ittihamın onlara rəsmən təqdim edildiyini bildirib.
Associated Press, adının çəkilməsini istəməyən məsələ ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, daha əvvəl hər hansı bir qanun pozuntusunu inkar edən və ona qarşı aparılan istintaqa hücum edən Trampın gələn həftə müvafiq orqanlara təslim ediləcəyi gözlənilir.
Trampın köməkçiləri deyirlər ki, o, hazırda Florida ştatındakı “Marae-Laqo” adlı malikanəsindədir və ona qarşı cinayət işi açıldığı xəbərini eşidəndə təəccüblənib.
Heç bir cinayətin baş vermədiyini iddia edən ABŞ-ın sabiq prezidentinin hüquq-mühafizə qrupu o, ittiham olunduqdan sonra həqiqətin üzə çıxacağını və ədalətin bərqərar olacağını açıqlayıb.
Trampın ailəsi də ona qarşı irəli sürülən ittihamı “təşviqat kampaniyası ilində siyasi rəqibin hədəfə alınması” hesab edərək, qınayıb.
Bəzi Amerika KİV-ləri də bu ölkənin sabiq prezidentinin yaxın günlərdə həbs olunacağını bildiriblər.
