“Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.
Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: “Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.
***
Paytaxtda “Lexus” markalı avtomobilin sürücüsü motosikletçini döyüb.
Hadisə Mətbuat dairəsində qeydə alınıb.
Murad Salman adlı motosiklet sürücüsü ona yol verməyən “Lexus” sahibinə ani reaksiya verib.
Avtomobildən düşən şəxs M.Salmanı təhqir edərək onu döyüb.
Motosiklet sürücüsü bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə motosikletçini döyən LEXUS GX460 markalı, 10 VX 707 dövlət nömrə nişanlı avtomobilin sahibi və sürücüsü 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur. Məlumata görə, o, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviridir.
Onun “ARPİA” MƏNZİL TİKİNTİ KOOPERATİVİ adlı tikinti şirkəti də var.
Sultan Tofiq oğlu Dadaşov 15 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.