Gəncə şəhər 8 saylı məktəbin şagirdləri arasında baş verən insidentə aydınlıq gətirilib.
Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib.
O qeyd edib ki, hadisə məktəbin koridorunda baş verib.
“Zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib. Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq”.
Təhsil İdarəsinin rəhbəri bildirib ki, hələlik hadisənin hansı səbəbdən baş verməsi tam olaraq aydın deyil:
“Polisin rəyini gözləməli olacağıq. Məlumata görə, şagirdlər arasında bundan əvvəl də konflikt olub”.
13:02
Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.
N.M. məktəbdə sinif yoldaşı S.A.-ya iki bıçaq zərbəsi vurub.
Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində fəaliyyət göstərən məktəblərin birində təhsil alan IX sinif şagirdinin müxtəlif dərəcəli bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin məktəbliyə sinif yoldaşı olan digər bir qız tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinə müvafiq araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək”.