QafqazTimes xəbər verir ki, Krım yarımadasının “Sevastopol” şəhərinin qubernatoru çərşənbə axşamı gecə saatlarında bölgənin hava hücumundan müdafiə bölmələrinin işə salındığını və iki pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
“Reuters” xəbər agentliyinin məlumatına görə, Sevastopol qubernatoru şəhərin hava hücumundan müdafiə qüvvələrinin 2 pilotsuz təyyarəni atəşə tutduğunu və onları vurduğunu açıqlayıb. Qeyd edək ki, Krımın Sevastopol şəhəri 2014-cü ildə Rusiyaya birləşdirilib.
Bu hesabata görə, Sevastopol Rusiya Qara Dəniz Donanmasının qərargahıdır. Rusiya oktyabrda bu limana pilotsuz təyyarələrin hücumuna görə Ukraynanı günahlandırdı və cavab olaraq Qara dəniz vasitəsilə Ukrayna taxıl ixracının asanlaşdırılmasında iştirakını qısa müddətə dayandırdı.
Rusiya Müdafiə Nazirliyi o zaman elan etmişdi ki, Ukrayna Rusiyanın Qara dəniz donanmasının gəmilərinə hücum etmək üçün 16 pilotsuz təyyarə göndərib. Həmçinin bu hücum zamanı radarlar Krım yaxınlığında Qara dəniz üzərində Amerikanın casus dronunu da aşkar etmişdir.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukrayna ordusu tərəfindən Rusiya gəmilərini hədəfə almaq üçün göndərilən bütün pilotsuz təyyarələr məhv edilib. Həmçinin məlumata görə Britaniya hərbiçiləri Ukrayna əsgərlərinə təlim və Rusiya gəmilərinə hücum planını Nikolayev vilayətinin Uçakov şəhərində həyata keçirmişlər.
Başqa bir xəbərə görə, Luqansk Respublikası milislərinin sözçüsü İvan Filiponenko çərşənbə axşamı bildirib ki, Ukrayna ordusu region qüvvələri ilə toqquşmalarda 70 əsgərini itirib.
“Tass” xəbər agentliyinin məlumatına görə, Luqansk silahlı birləşmələrinin sözçüsü bildirib ki, silahlı birləşmələrin əməliyyatları nəticəsində düşmən xeyli itki vermiş; 70 əsgər, 3 tank və 5 zirehli transportyorunu itirmişdir.