İvritdilli “Yedioth Ahronoth” qəzeti yazır ki, Həmas Qəzzada dağıntılardan partizan taktikaları üçün geniş istifadə edir – o cümlədən bombaları və kameraları gizlətmək, atəş nöqtələri qurmaq və uzaqdan partlayışları idarə etmək üçün. İsrail ordusu Həmasın son 6 ayda qazdığı gizli xəndəkləri aşkarlayıb, lakin bu mövqeləri zərərsizləşdirmək üçün tanklar və mühəndis texnikası cəlb olunub.
İsrail hərbçiləri bildirirlər ki, nə pilotsuz aparatlar, nə də təlimli itlər Həmas döyüşçülərinin yerlərini müəyyənləşdirməkdə kifayət qədər effektiv deyil. İsrail ordusu danışıqlar pozularsa müharibənin yeni mərhələsinə keçə bilməyəcəyini etiraf edir. Təxliyə çağırışlarına baxmayaraq, minlərlə fələstinli Qəzza şəhərini tərk etməyib, bu da ordunun irəliləməsini çətinləşdirir. Ordunun fikrincə, Həmas şəhərdə hələ də güclü mövqelərə malikdir.
