İtaliyada İkinci Dünya müharibəsindən qalma partlamamış bombanın zərərsizləşdirilməsi əməliyyatı ilə əlaqədar ölkənin əsas magistral A1 yolunda hərəkət dayandırılıb.
Məlumata görə, bomba Orvieto bölgəsində Paqlia çayının yatağında aşkar edilib.
Təxminən 227 kiloqramlıq ABŞ istehsalı olan aviabombanın ətrafında 826 kvadratmetrlik təhlükəsizlik zolağı yaradılıb və bu ərazidən 2400-ə yaxın sakin təxliyə edilib.
Qeyd olunur ki, A1 avtomobil yolu Orte və Valdiçiana arasında hər iki istiqamətdə 2,5 saat bağlı qalıb, həmçinin Roma-Florensiya yüksək sürətli dəmir yolu xəttində də hərəkət dayandırılıb.
Zərərsizləşdirmə işləri “Castel Maggiore” dəmiryol mühəndisləri qərargahı tərəfindən həyata keçirilib. Əməliyyatın təxminən 11 saat çəkəcəyi proqnozlaşdırılsa da, iş daha tez tamamlanıb.
Zərərsizləşdirildikdən sonra mərmi karxanaya aparılıb və orada partladılıb.