QafqazTimes xəbər verir ki, Livanın Əməl İslami Cəbhəsi bir bəyanatında HƏMAS-ın Dəməşqə qayıtması və onunla əlaqələri bərpa etmək qərarının tarixi və düzgün qərar olduğunu vurğulayıb.
Bu bəyanatda bildirilir ki, Suriya tarixən həmişə Fələstin xalqını, onun liderlərini və Fələstin yaraqlı qruplarını, o cümlədən HƏMAS-ı dəstəkləyib.
Livanın “NNA” xəbər agentliyinin xəbərinə görə, sözügedən bəyanatda deyilir: “Bu gün Suriya Fələstin məsələsində sabit mövqeyinin, düşmənlə güzəştə getməyə qəti şəkildə müqavimət göstərməsinin və şər Amerika hökumətinin siyasətinə təslim olmamasının bədəlini ödəyir.”
Livanın Əməl İslami Cəbhəsi həmçinin vurğulayıb ki, Həmas və Suriya arasında münasibətlərin bərpasının əhəmiyyəti cihad və işğalçı rejimə qarşı döyüş əməliyyatlarından az deyil.
Qeyd edək ki, Fələstinli qruplar oktyabrın 27-də Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra mətbuat konfransında iştirak ediblər. HƏMAS Siyasi Bürosunun yüksək səviyyəli üzvü Xəlil əl-Həyyə bu konfransda deyib: “Əsədlə görüş isti bir görüş oldu və o, Fələstin xalqına və onun müqavimətinə hərtərəfli dəstək vermək əzmini ifadə etdi.”
