İŞİD təşkilatı Çempionlar Liqasının 1/4 finalında terror aktı törətməklə hədələyib.
Bu barədə İspaniyanın “Marca” nəşrində yazı dərc olunub.
Məlumata görə, terror təşkilatı özünün “Al-Azaim” Fondu vasitəsilə London, Paris və Madriddəki futbol stadionlarını təhdid edən plakat yayıb. İŞİD dəfələrlə böyük idman tədbirlərini hədəf aldığını açıqlayıb.
Yazıda bildirilib ki, Çempionlar Liqasının oyunları ilə bağlı İŞİD-in təhdidləri artıq təhlükəsizlik qüvvələri tərəfindən “Real Madrid”ə ötürülüb. Hazırda matçın keçirilməsi ilə bağlı qərara hər hansı dəyişiklik edilməyib və xüsusi müşahidə tədbirləri görülür. Belə ki, ölkənin Daxili İşlər Nazirliyi bu oyunu yüksək riskli matç hesab edir.
Qeyd edilib ki, hökumət artıq təhlükədən xəbərdardır və əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülməyəcəyi barədə müzakirələr aparılır.
Həmçinin nəzərə çatdırılıb ki, bu günlərdə İspaniyanın paytaxtında ard-arda keçirilən oyunlarla bağlı müşahidə tədbirləri xüsusilə gücləndirilib. Narahatlıq üçün əsas olmadığı, hər şeyin nəzarət altında olduğu, lakin yenə də diqqətli olmağın zəruriliyi vurğulanıb.