QafqazTimes xəbər verir ki, İraqın “Darul-ifta” (Fətva idarəsi) mərkəzinin rəsmi sözçüsü Şeyx Amir əl-Bayati İranın İraqda fitnənin qarşısını almaq üçün göstərdiyi səyləri və yardımlarını yüksək qiymətləndirib və İraqın bütün tərəfləri arasında dialoqun zəruriliyini vurğulayıb.
“Darul-ifta” sözçüsü İran mediasına verdiyi müsahibədə İran hökuməti və xalqına göstərdikləri səylərə görə təşəkkür edərək deyib: “Bəzi xarici tərəflər müdaxilə etdi və bu müdaxilələr İraq xalqının xeyrinə olmadı. Amma İran İslam Respublikası yardım etdi və bu səylər diplomatik kanallar vasitəsilə davam etməkdədir. İran İslam Respublikasının diplomatik aparatı İraqdakı hadisələri izlədi və bu ölkə bu fitnənin atəşini söndürmək üçün səylər göstərdi.”
Şeyx Amir əl-Bəyati İraqdakı iğtişaşların ən əsas həll yolu ilə bağlı bildirib: “İraqda anarxiyadan, iğtişaşlardan çıxış yolu hər kəsin dialoq, danışıqlar və məsləhətləşmələr üçün masa ətrafında oturması və İraq konstitusiyasına əməl etməsidir.”
Qeyd edək ki, İraqdakı siyasi partiyalar 2021-ci ilin oktyabrında seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkədə yeni hökumət qura bilməyib.
Bu dövrdə və xüsusilə də ötən həftələrdə Sədr hərəkatını dəstəkləyən iğtişaşçıların nümayişlərindən sonra İraqda vəziyyət gərginləşib. Sədr hərəkatının lideri Seyid Müqtədə əs-Sədr siyasi fəaliyyətlərdən kənara çəkildiyini elan etdikdən sonra tərəfdarları İraqın dövlət qurumlarına hücum edərək bəzi binaları zəbt etmişlər. Nəticədə İraq təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaranmışdır.
Bu toqquşmalar nəticəsində onlarla İraq təhlükəsizlik qüvvələri də daxil olmaqla 30 nəfər həlak olmuş, 700-ə yaxın adam yaralanmışdır. İğtişaşlar böyüdükdən sonra Sədr hərəkatının lideri etdiyi çıxışda İraq xalqından üzr istəmiş və bir saat vaxt təyin edərək, bu hərəkat tərəfdarlarının Bağdadın “Yaşıl Zona”sından dərhal çıxmasını tələb etmişdir.