QafqazTimes xəbər verir ki, İraq Parlamentinin Su İşləri Komitəsi bazar ertəsi Türkiyənin Dəclə çayının suyunun İraqa doğru axmasının qarşısını alacaq böyük bənd tikmək niyyəti ilə bağlı xəbərdarlıq edib.
Əl-Cəzirə bəndi kimi tanınan bu bənd tikiləcəyi təqdirdə İraq suyunun bütün payını ondan alacaq.
Bu komitənin rəhbəri Sair Məxif Əl-Cəburi deyib: “Türkiyənin tikməyi planlaşdırdığı bənd ən təhlükəli bəndlərdən biri hesab olunur, tikilərsə Türkiyədən İraqa bir damcı belə su daxil olmayacaq və bu İraq üçün böyük təhlükədir.”
O, əlavə edib: “Baxmayaraq ki, bu bənd sərhəddən 35 kilometr aralıda yerləşir, biz İraq rəsmilərindən heç bir reaksiya görmədik.”
Əl-Cəburi vurğulayıb ki, Türkiyə ilə ticarət mübadilələrini təzyiq rıçaqı kimi istifadə eləmək doğru yol deyil, çünki biz onlara bənd tikmək üçün bəhanə veririk. Biz beynəlxalq qanunlara tabeyik və İraqın diplomatik sistemi hərəkətə keçməlidir, çünki davamlı susqunluq Türkiyənin bu bəndi bir ildən az müddətdə tikməsinə səbəb olacaq.
Qeyd edək ki, bundan öncə İraq Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Həmid Ən-Naif şənbə günü İraq hökumətinin illik ticarət həcmindən öz hüquqlarını təmin etmək üçün Türkiyəyə təzyiq rıçaqı kimi istifadə etməyi təklif etmişdi.
O, iqlim dəyişikliyi böhranının İraqa ciddi təsir qoyduğunu və bir çox kənd təsərrüfatı torpaqlarının məhv olduğunu vurğulayıb.
Ən-Naif həmçinin qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi buğda və arpa məhsulları ilə özünü təmin etmək üçün yeni suvarma üsullarına əsaslanan layihəni həyata keçirməyi planlaşdırır.