Qafqaztimes xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar ertəsi jurnalistlərlə həftəlik görüşdə xarici siyasətdəki son hadisələri izah edərkən jurnalistlərin suallarını cavablandırıb.
O, ilk öncə Sərdar Süleymaninin şəhadətinin ildönümünün yaxınlaşdığını bildirərək Xarici İşlər Nazirliyinin bununla bağlı addımlarını açıqlayıb: “Sərdar Süleymani terrorla mübarizədə qəhrəman olub. Terrorla mübarizənin ön cərgəsində olan bir şəxsə qarşı terror aktı ikili standart və terrorla mübarizə iddiaçılarının yalan danışmasının növbəti əlaməti kimi qəbul edilir və tarix buna şahidlik edəcəkdir.”
Xətibzadə belə davam edib: “Şəhid Süleymani, Əbu Mehdi əl-Mühəndis və onların yoldaşlarının terror edilməsi beynəlxalq səviyyədə tanınan terrorçuların bu böyük generaldan qisas almaq cəhdi idi. İran İslam Respublikası yarandığı gündən hər zaman həm siyasi, həm də iqtisadi terrorun müxtəlif formalarının hədəfi olub.”
İran XİN-in sözçüsü həmçinin qeyd edib: “Donald Trampın birbaşa göstərişi ilə ABŞ hökuməti tərəfindən təşkil edilmiş Sərdar Süleymani və onun sadiq yoldaşlarına qarşı bu terror hökumət terrorunun bariz nümunəsidir.”