QafqazTimes xəbər verir ki, Human Rights Watch təşkilatı bu gün (bazar ertəsi) elan edib ki, Türkiyə hökuməti yüzlərlə suriyalı qaçqın kişi və qadını həbs edrərək vətənlərinə qaytarmağa başlayıb.
“Earth News” internet saytının məlumatına görə, bu qaçqınlar 2022-ci ilin fevral-iyul ayları arasında Suriyaya qaytarılıb və onların deportasiya prosesi Türkiyənin özünü suriyalı qaçqınlara səxavətli ev sahibi kimi təqdim etdiyi imiclə ziddiyyət təşkil edir.
Human Rights Watch Türkiyənin ən çox suriyalı qaçqına malik olduğunu və bunun Avropa Birliyi ölkələrinin qaçqınlarının ümumi sayından 4 dəfə çox olduğunu, eləcə də qaçqınlara yardım etmək və onları təmin etmək üçün Birlikdən milyardlarla dollar vəsait aldığını yazıb.
Bu insan haqları təşkilatı daha sonra Türkiyə hakimiyyətini suriyalı qaçqınların Suriyanın şimalına zorakılıqla deportasiyası prosesinə son qoymağa və suriyalıları və digər qaçqınları zorla geri qaytarmaq üçün təhlükəsizlik güclərindən istifadə etməyəcəklərinə zəmanət verməyə və zorakılıq edən istənilən orqanı cəzalandırmağa çağırıb.
Human Rights Watch-ın sözlərinə görə, bəzi hallarda suriyalı qaçqınlar özləri də bilmədən Türkiyəni öz istəyi ilə tərk etmələrini göstərən sənədlərə imza atıblar. Bu təşkilat bunu suriyalı qaçqınların aldadılması adlandırıb.
Human Rights Watch həmçinin Türkiyə hökumətindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığını (UNHCR) qaçqınların köçürülmə mərkəzlərinə sərbəst girişə icazə verməyə və qaçqınların Suriyaya qaytarılması üçün razılıqların imzalanması prosesinə nəzarət etməyə və bunun könüllü olmasını təmin etməyə, polis və ya İmmiqrasiya rəsmiləri tərəfindən suriyalılara və ya digər xarici vətəndaşlara qarşı zorakılıq tətbiq edilməməsinə çağırıb.