QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Amerika diplomatlarının naməlum mənbədən mikrodalğalara məruz qalması ilə müşayiət olunan Havana sindromu sirr olaraq qalır. ABŞ bir çox ölkələri, o cümlədən Rusiyanı belə bir hücuma görə ittiham etsə də, heç bir sübut göstərə bilməyib. NBC xəbər verir ki, MKİ-nin son məruzəsinə əsasən, Havana sindromu hansısa düşmən ölkənin planlaşdırılmış hücumu kimi dəyərləndirilmir. Bu hadisənin təsadüfi bir olduğu ehtimal edilir.
Nədir Havana sindromu? Havana sindromu ilk dəfə 2016-cı ilin noyabrında Havanadakı (Kuba) Kanada və ABŞ səfirliklərinin bəzi əməkdaşlarında və onların ailələrində müşahidə edilən başgicəllənmə, ürəkbulanma, baş ağrısı və eşitmə problemləri də daxil olmaqla bir sıra nevroloji simptomların məcmusudur. Sonrakı illərdə bu hadisə dünyanın müxtəlif ölkələrində 200-dən çox Amerika diplomatı, hərbi və kəşfiyyat rəsmiləri üçün təkrarlanır. ABŞ hökuməti hesab edir ki, sindroma səbəb onun diplomatlarına mikrodalğalı silahdan istifadə etməklə hədəflənmiş hücum olub.
2016-cı ilin noyabr ayından Amerikanın Kubadakı səfirliyinin əməkdaşlarından müəyyən istiqamətdən gələn qəribə səslər (onların lent yazıları da təqdim olunub) ilə bağlı 21 şikayət daxil olub. Bəzi insanlarda təzyiq, vibrasiya hissləri yaşanıb. Bu səslər 20 saniyədən 30 dəqiqəyə qədər davam edib və diplomatlar evdə və ya otel otaqlarında olarkən yaranıb.
2018-ci ildə Çinin Quançjou şəhərindəki Amerika konsulluğunun əməkdaşlarında “Havana sindromu”nun simptomları aşkar edilib. Oxşar simptomlar daha sonra Polşada, Böyük Britaniyada və 2021-ci ildə Avstriyada, daha sonra Kolumbiya və Almaniyada Amerika səfirliklərinin əməkdaşlarında da meydana çıxdı.